28 Avqust 2025

Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı verdiyi bəyanat ölkələrarası strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bildirildi ki, iki ölkə ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb və bu, münasibətlərin ən yüksək mərhələsidir. Dövlət başçıları ikitərəfli görüşlər və Dövlətlərarası Şura çərçivəsində əməkdaşlığın bütün sahələrini əhatə edən geniş müzakirələr aparıblar.

Prezident İlham Əliyev Özbəkistanın futbol üzrə milli komandasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandıraraq, bu uğurun ölkə rəhbərliyinin gənclərə yönəlmiş siyasətinin nəticəsi olduğunu bildirib. O, Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatları, ölkənin beynəlxalq nüfuzunun artmasını, iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və Azərbaycanın bu inkişafı dost sevincilə izlədiyini qeyd edib. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması niyyəti də bir daha təsdiqlənib. Bildirilib ki, yaradılmış birgə İnvestisiya Fondu artıq 10-dan çox layihə ilə təmin olunub və bu fondun 500 milyon dollarlıq nizamnamə kapitalı gələcəkdə daha da artırılacaq. Layihələr əsasən energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Bu layihələr dostluq münasibətlərinin iqtisadi platformaya keçidinin göstəricisidir.

Azərbaycanın Özbəkistana investisiyaları prioritet sayılır, çünki bu ölkə həm qardaş dövlətdir, həm də yaradılmış əlverişli investisiya mühiti beynəlxalq səviyyədə tanınır. Görüş zamanı nəqliyyat-logistika sahəsində də geniş fikir mübadiləsi aparılıb, Orta Dəhlizin şaxələndirilmiş marşrutları üzrə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat infrastrukturunun yükləri qəbul etməyə hazırlığı vurğulanıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində birgə layihələr, eləcə də kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrin inkişafı xüsusi diqqət mərkəzində olub.

Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına göstərdiyi yardıma görə minnətdarlığını bildirib. Qeyd olunub ki, Şuşada ilk sosial təhsil infrastruktur obyektini Özbəkistan inşa edib və məktəbə özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib. Eyni zamanda, Xankəndidə 200-dən çox insanın çalışdığı tikiş fabriki də özbək tərəfinin təşəbbüsü ilə yaradılıb. Bu layihələr regionun bərpasına dəstəyin, əhalinin məşğulluğunun artırılmasının və dostluğun bariz nümunəsidir. Həmçinin Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının və Bakının mərkəzində yaradılacaq “Özbəkistan” parkının açılışı bu münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. “Ağ şəhər” layihəsi çərçivəsində yaradılacaq park həm şəhərin, həm də Azərbaycan-Özbəkistan münasibətlərinin vizual simvoluna çevriləcək. Prezident Əliyev əmin olduğunu bildirib ki, bu cür layihələr gələcəkdə daha da çox olacaq və turizm sahəsində də geniş əməkdaşlıq imkanları açılacaq. Görüş ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı