24 İyul 2024

Hər bir xalq gələcəyə olan ümidlərini gənc nəsillə bağlayır

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan gənclər ordusu formalaşıb. Dövlət başçısı İlham Əliyev “Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin” fikirləri ilə gənclərə inamını ifadə edir.

Azərbaycan gəncləri Vətən, torpaq sevgisini 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Təbii ki, hər bir uğur keçilən yolun təhlilini bir zərurət kimi qarşımıza qoyur.  Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır.

1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  gənc nəslə diqqət  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşə malik gənclikdir. Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində ölkəmizin hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət Proqramları qəbul edildi. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub.  Ümummilli Lider bildirmişdir ki, hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin milli ruhda tərbiyəsini qarşıya mühüm vəzifə kimi qoyur. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, potensial imkanlarına inamı artıb. Ötən bu dövr ərzində Azərbaycan gəncliyinin inkişafına yönələn addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub.  Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. 44 günlük İkinci Qarabağ müharibəsi bütün dövrlərdə gənclərə çağırış olan vətənpərvərlik, milli ruh, dövlət maraqlarını qorumaq kimi mühüm prinsiplərin təqdimatı oldu. Azərbaycan gəncliyi torpaq, Vətən sevgisini silaha sarılaraq ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası yolunda canından keçməklə sübut etdi. Tarixi Zəfərimizin qəhrəmanları ilə qürur duyur, onların həyat yolu vətənpərvərlik məktəbi kimi öyrənilir. Müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlik və məsiliyyətdir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri