28 Mart 2024

Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində töhfələri davamlılığı ilə diqqət çəkir.  Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi yönümündə  hər zaman fəallıq göstərən Azərbaycanın həm təşkilat çərçivəsində, həm də üzv ölkələr ilə ikitərəfli  əməkdaşlığı  genişlənir. Təkcə cari ilin ötən dövründə  dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin onların dövlət başçılarının Azərbaycana səfərlərinin  statistikasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev  2022-ci ilin 6 ayının yekunlarına həsr olunan  müşavirədə  Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan  bəhs edərkən  Türk Dövlətləri Təşkilatı, eyni zamanda quruma üzv  olan ölkələrlə əlaqələrin hazırkı səviyyəsinə, münasibətlərin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərə yönəldərək bildirmişdir ki,  Türkiyə Prezidenti ilə üç görüş olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir. Eyni zamanda, iyun ayında  cənab İlham Əliyevin Özbəkistana və Türkmənistana səfəri oldu.

 Avqustun 24-də Qazaxıstan Prezdienti  Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər etdi.  Qısa xronologiya təsdiqləyir ki,  türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan  üçün prioritet məsələlərdən biridir. Siyasi dəstək qarşılıqlı şəkildə  ifadə edilir.  Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq  edilir. Türk dünyasının həmrəyliyinə Azərbaycanın töhfələri fonunda  ölkəmizin Qazaxıstanla əlaqələrinin gələcək inkişafına nəzər salmaq istərdik. Bu baxımdan ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının  30 ili tamam olur. 30 illik zamanda  əlaqələrimiz qarşılıqlı etimad mühitinin qorunması əsasında sürətlə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəldi.  Bir mühüm məqamı da qeyd edək ki,  2005-ci ildə Bakıda  Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” müqavilə imzalanmışdır. Bu sənədin özü bir daha təsdiqləyir ki, ölkələrimiz arasında əlaqələr daim strataeji  tərəfdaşlıq və müttəfiqlik xarateri daşıyıb. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” artıq bu müttəfiqliyi  rəsmi şəkildə dünyaya bəyan etdi. Sənəd, eyni zamanda, qarşıdakı  dövr üçün görüləcək işlərin  təqdimatıdır.  

     Ümumilikdə iki dost, qardaş ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəksək görərik ki, münasibətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi hər zaman aktual məsələdir. Dövlət başçısı İlham Əliyev  mətbuata bəyanatında «Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq» söyləyərək bildirmişdir ki, fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Burada böyük potensial var.

   Onu da qeyd edək ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram imzalandı ki, bu da gələcək inkişaf barədə aydın təsəvvür yaradır.

   Ortaq tarixə malik olan Azərbaycan və Qazaxıstanın münasibətləri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldərək bildirdi ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır. Bu əməkdaşlığın böyük perspektivləri var. Xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti  bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

   İki dost, qardaş, müttəfiq ölkə arasında əlaqələrin  inkişafının ən mühüm göstəricilərindən biri dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunmasıdır. Dövlət başçısı İlham Əliyevin Qazaxıstanda görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanındığını,  ehtiram bəslənildiyini önə çəkən Kasım-Jomart Tokayev  bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu  ali mükafatı cənab İlham Əliyevə təqdim etdi.

   Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır.  İmzalanan sənədlər isə bu əməkdaşlığın yeni priortietlər  üzrə inkişafı üçün yol xəritəsidir.  Qazaıxıstan Prezidentinin səfəri əlaqələrin gələcək inkişafı üçün möhkəm  hüquqi baza olan sənədlərin imzalanması ilə  yadda qaldı.