Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir

Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” – Ulu Öndər Heydər Əliyev (02.02.1996-cı il)
Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Rəsmi dövlət bayramı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
“İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.” – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev (26 iyun 2021)
Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı