23 Dekabr 2024

Həmişə sidqi ürəklə deyirdim ki,Qarabağ azad olunacaq :Etibar xanım Hüseynova

44 günlük müharibənin başlanmasından bir il ötür. Həmin günlər xalqımız üçün böyük sınaq oldu.Tarixin imtahanından çox şükürlər olsun ki, bir millət olaraq alnı açıq, üzü ağ çıxdıq. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsi də müharibənin ağırlığına sinə gərib, şəhid ailələrinin yanında olub. Onların dərdinə şərik olmaqla hər bir şəhid ailəsinə mənəvi dəstəyin  göstərib.

Onu da qeyd edək ki, Etibar xanım Hüseynovanın həyat yoldaşı Sərhəd Zöhrabbəyov məsul vəzifədə olmasına baxmayaraq, Xocalı hadisələrindən sonra könüllü olaraq cəbhəyə yollanıb. I Qarabağ müharibəsində hərbi hissənin qərargah rəisi olub. Ağır döyüşlərin birində qəhrəmancasına  şəhid olub.

O gündən bu yana şəhidin həyat yoldaşı Etibar xanım ömrünü müharibədən əziyyət çəkmiş ailələrə bağlayıb. 44 günlük müharibənin anım günü ərəfəsində o günləri birgə xatırlamalı oluruq.Etibar xanımın deməyinə görə II Qarabağ müharibəsinin olacağına, torpaqlarımızın azad ediləcəyini həmişə gözləyirmiş.

“30 ilə yaxın idi ki, bu günü gözləyirdik.Onu da deyim ki, İctimai Birliyinin sədri seçilməzdən əvvəl 1996-cı ildən 2001-ci illərdə Pambıqtəmizləmə zavodunda mühəndis texnoloq,həm də Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri idim. Bu illər ərzində Qarabağ sözü,şəhid sözü dilimdən düşmədi.Bərdənin 72 kənd məktəbinin 63-ü  şəhidlərimizin adını daşıyır.Şəhidlərimizin doğum günü, şəhid olduğu gün həmin məktəblərdə, ailələrində qeyd olunurdu.Gənclər qarşısında çıxışlar edirik. Orta məktəb şagirdləri Xocalı faciəsi haqqında şerlər söyləyirdi. Gənclər o ruhda böyüdü.Torpaqlarımızı da azad edən həmin ruhda böyüyən gənclər oldu.O vaxtlar bəzi insanlar sual verirdilər.Etibar xanım Siz Qarabağın azad olunmağına  doğrudan, inanırsınızmı?İnanmayanlarımız da var idi.Həmişə sidqi ürəklə deyirdim ki, bəli Qarabağ azad olunacaq .Hələ 1998-ci ildə Bakının Şəhriyar adına Mədəniyyət Mərkəzində bir çıxışım oldu.Haqqın səsi-xalqın səsi kitabında da həmin çıxışım verilib.Orda son sözüm belə olmuşdur. Biz şəhid ailələri,anaları inanır və deyirik: Biz Qarabağa qayıdacağıq.Bu Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində olacaqdır. Doğrudanda Ulu öndər Heydər Əliyevin əsl layiqli davamçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətin gücü nəticəsində torpaqlarımız azad olundu.”-deyə Etibar xanım Hüseynova bu günə inamından danışır.

Möhtəşəm qələbəmizin əldə edilməsində dəmir yumruğun gücünü vurğulayan Etibar xanım bildirir ki, sentyabrın 27-də xalqımız  bir yumruq kimi birləşdi.Varlısı da, kasıbı da Ali baş komandanı da, əsgəri də , hətta xaricdə yaşayan azərbaycanlılar belə bir yumruğa dönmüşdü . Bu yumruq şəklində birləşmək isə bizim qələbəmizin rəhni oldu.

Qələbə xəbərini eşidəndə keçirdiyi hissləri Etibar xanım Hüseynova belə izah edir. “Qələbəni eşidəndə sevincimdən ağladım. Onu da deyim ki, iki dəfə ağladım.Sevincimdən ağladım,dayandım.Şəhidlərimizi fikirləşdim. Buna qədər elə bilirdim ki, Qarabağ qayıdanda nəsə baş verəcək. Şəhidlərimiz də, o cümlədən həyat yoldaşım Sərhəd Zöhrabbəyov da qayıdacaq. 30 il yaxın ictimai fəaliyyətlə çalışarkən özümü buna inandırmağa çalışırdım. Ancaq , Qarabağ qayıtsa da şəhidlərimizin geri dönüşü olmadı. İkinci dəfə məhz, buna ağlamalı oldum.Şəhidlərimiz qayıtmadı, nə qədər gözü yolda qalanlarımız var.”

Həmsöhbətim sözünün arasında şəhid ailələrinin yaşadığı hissləri də bizimlə bölüşür.

“Sizin özünüz də şəhid qardaşısınız.Ananızın nələr çəkdiyini,hansı hissləri keçirdiyini çox gözəl bilirəm.44 günlük müharibədəki şəhid anaları da eynilə bizim yaşadığımız hissləri keçirirlər. Ancaq nə etmək olar ki. Deyir, oğul düşmən çəpəridir.Vətən dardadırsa oğullarımız gedib, döyüşməlidir.O oğullar qarşısında mən bir ana kimi baş əyirəm. İnanın ki, içimdə elə bir hiss var idi, qəbul eləsələr, özüm belə gedib, döyüşməyə hazır idim.”

Cəmiyyətin sədri şəhid ailələrinə dövlətin qayğı ilə yanaşdığını, onların problemlərinin həlli istiqamətində işlərin görüldüyünü deyir: “İstər 90-cı  illər,istərsə də 2020-ci ildə həmişə şəhid ailələrinin,şəhid valideyinlərinin yanında olmuşuq.Şəhid balalarının üzündən öpmüşük, başın sığallamışıq ki, ən azından onlara mənəvi dəstək olaq.2020-ci ilin sentyabrından bu yana şəhidlərimizin dəfnində, doğum günlərində iştirak etmişik. Rayon İcra Hakimiyyətinin başçısının təşkilatçılığı şəhidlərin anım tədbirləri keçiriləcək.İcra başçısı Vidadi İsayev,hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Müharibə veteranları və Şəhid Ailələri İctimai Birliyinin  iştirakı ilə yüksək səviyyədə anım tədbirinin keçirilməsi nəzərdə tutulub. İstər hərbi,istərsə də mülki şəhidlərimizin, onlar arasında fərq qoyulmadan  hər birinə baş çəkilir. Onlara yüksək səviyyədə dövlət qayğısı göstərilir ki, bu da alqışa layiqdir.Şəhid ailələrinin ehtiyyacları mənəvi dəstəyədir. Hər dəfə onların qapısın açanda şəhidinin unudulmadığını hiss edir.Şəhidlər ölmür.O vaxt ölür ki, unudulur.” –deyə Etibar xanım Hüseynova vurğulayır.

Sonda Qarabağ Müharibəsi Əlilləri, Müharibə veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri möhtəşəm qələbəmizi yüksək qiymətləndirir. Bildirir ki, bu gün , doğrudan da  qələbə bizi   dünyada qürurunu qorumağı,haqqını müdafiə etməyi bacaran bir dövlət kimi tanıtdı.

Musa Muradlı