20 Aprel 2024

Həkim: “Qar bir sıra xəstəliklərin qarşısını alır, mikrobları məhv edir”

5-6 ildən sonra paytaxt Bakıya yenidən qar yağdı. Gecədən başlayaraq əsas yollarda qar təmizləndiyindən nəqliyyatın intensiv hərəkətində problem müşahidə olunmur. Bununla belə, Hidrometeoroloji Proqnozlar Bürosu ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı haqda xəbərdarlıq edib.

Dünyanın hər yerində olduğu kimi, qar özü ilə bərabər bir sıra problemlər gətirsə də, faydası da az deyil, xüsusilə də kənd təsərrüfatında. Bu sahə üzrə ekspertlər qeyd edir ki, qar bitkiləri, xüsusilə birillik olanları, yəni taxılı, tərəvəz-bostan bitkilərini öz əsarəti altına alır və onları soyuqdan, şaxtadan qoruyur. Payızlıq taxıl bitkilərindən xüsusilə arpa və buğdaya gübrə verilir. Quraqlıq hallarda bu gübrə torpağa yaxşı hopmur, lakin qar yağıb torpaqda nəmlik yarandıqda həmin gübrələr torpağın komplekslərinə qarışır və bitki üçün mənimsənilən hala düşür. Bitkilər qida maddələrini, azot, fosfor, kaliumu torpaqdan mənimsəməyə başlayır. Nəticədə gələcəkdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artır, bol məhsul yaranır.

Qarın başqa bir xeyri ondan ibarətdir ki, quraq hava şəraitində gəmirici heyvanlar taxıl zəmilərinə çox böyük ziyan vurur, amma şaxtalı havalarda onlar gizlənir və çıxa bilmirlər. Qarın çoxillik bitkilər üçün xeyri ondan ibarətdir ki, nəmlik yaranmayan yerlərdə, yəni meyvə, giləmeyvə və üzüm bağlarında nəmlik yaradır. Həm də ağacların budaqları üzərində qalır və ağacı soyuqdan qoruyur.

“Qar insan orqanizmi üçün də faydalıdır. Belə ki, qar, şaxta bir sıra xəstəliklərin qarşısını alır, mikrobları öldürür”.

Bu sözləri Musavat.com-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

adil.PNG (341 KB)

O qeyd edib ki, qarlı havada mikroblarn ölməsi, havanın təmizlənməsi sağlamlıq göstəricisidir:

“Buna görə də qarın yağması faydalıdır. Əslində, qış fəslində qarın olması, havanın fəsilə uyğun temperaturda keçməsi yer kürəsinin sistemidir. Lakin indi qloball istiləşmə baş verir və biz iqlim dəyişikliklərini müşahidə edirik ki, bu da insan sağlamlığına neqativ təsir göstərir. Bu baxımdan qar yağması, iqlimin fəsilə uyğun davam etməsi çox mühüm məsələdir. Bu, həm orqanizmdəki proseslərin düzgün getməsi baxımından, həm də epidemioloji baxımdan vacibdir”.

Adil Qeybulla soyuq havada diqqət edilməli olan məqamlara da toxunub:

“İnsanlar çölə çıxanda, evə girəndə geyimlərinə diqqət etməlidir. Ümumiyyətlə, fəsil dəyişmələrində, xüsusilə də bu cür şaxtalı havalarda  geyimin adekvat olması çox mühüm şərtdir”.

Xalidə Gəray