23 Dekabr 2024

Həbsdəki sabiq icra başçılarının məhkəməsi bitdi – 46 il cəza

Hüquqşünas: “Korrupsiyaya görə həbsə alınan heç bir başçı, məmur əfv və amnistiyaya düşməməlidir”

İyulun 26-da İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror V.Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan başqa, məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb.

Hökmdə qeyd edilib ki, V.Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunsun. Yada salaq ki, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib. İsmayıl Vəliyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçı Namiq Zeynalov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur. Bir müddət əvvəl isə həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevə isə 9 il həbs cəzası verilmişdi.

Hüquqşünas, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, icra başçılarında belə fikir formalaşıb ki, onlar toxunulmazdır: “Bu adamlar sanki qəzet oxumur, telekanalara baxmır, radio dinləmirlər. Ölkə başçısı az qala hər çıxışında icra başçılarının fəaliyyətinə toxunur, deyir ki, qanunsuzluq etməyin, xalqa qulluq edin. Bu adamlar isə öz işlərindədirlər. Bu qədər həbslərdən sonra da iş prinsipləri tutulanlardan heç nə ilə fərqlənməyən icra başçıları var. Oturublar vəzifədə, hər ötən gün daha çox büdcə pulu oğurlayırlar. Araşdırmalar göstərir ki, tutulan icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə – rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Xalqın, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların bir yeri var, o da həbsdir. Onlar həbslərinə qədər düşünürdülər ki, dövlətə vurduqları zərəri və ya qanunsuz yolla əldə etdikləri əmlakların bir hissəsini geri almaqla çox da ağır olmayan cəza alacaqlar. 2-3 ilə azadlığa çıxa biləcəklər. Amma belə olmadı. Korrupsiyaya bulaşan başçılar, rüşvət alan başçılar real cəzaya məhkum olundular. Onların tez bir zamanda azadlığa çıxması da çətin mümkün olar. Hakimiyyət onların qanunsuz yolla əldə etdikləri əmlakları dövlət nəfinə müsadirə edir, özlərinin cəzalarını yüngülləşdirmək niyyətində deyil”.

Həbs olunan icra başçıları harada “dincəlir”? - AÇIQLAMA

Bununla belə hüquqşünas deyir ki, həbs olunan icra başçıları heç də dövlətdən mənimsədikləri əmlakın və vəsaitlərin hamısını geri qaytarmırlar: “Məhkəmələr icra başçısı və müavininin, digər əsabələrinin əmlaklarını müsadirə edir. Ancaq söhbət onun adında olan əmlakdan gedir. Biz isə bilirik ki, Azərbaycanda heç bir məmur, hətta heç bir iri sahibkar belə əmlaklarını, obyektlərini öz adlarına sənədləşdirmir. Məmurlar qorxduğu kimi iri sahibkarlar da qorxur ki, sabah hər hansı bir problem yarana bilər. Mən məmurları tanıyıram və deyə bilərəm ki, onların Azərbaycandakı əmlaklarının xeyli hissəsi öz adlarına deyil. Nəinki yüksək rütbəli məmurlar, icra başçıları, aşağı səviyyəli xırda məmurlar belə bunu edirlər. Qohum, tanış, dost və digərlərinin adına rəsmiləşdirirdilər. Xaricdə isə bir qayda olaraq ofşor şirkətlər yaradırlar və onları da müəyyən etmək çox çətindir. Hətta xaricdə də əmlaklarını başqa şəxslərin adına yerləşdirirlər. Bu məsələnin ən çətin tərəfi ilə ondan ibarətdir ki, müsadirə olunan əmlak həmin məmurun mənimsədiklərinin heç də hamısı deyil, məmurların adına bu gün oğurladıqlarının çox az bir hissəsi belə yoxdur!”

Hüquqşünas bildirib ki, həbs olunan məmurlara xoşluqla başqalarının adına rəsmiləşdirdikləri bütün əmlakların qaytarılması təklif olunmalıdır: “Bu təklif kimlərəsə qəribə gələ bilər, amma həbsdəki məmura, icra başçısına şərait yaradılmaldır ki, oğurladıqlarının 90 faizini geri qaytarsın. Əlbəttə ki, kimsə bunu öz xoşu ilə etməyəcək. Sərt və qanuni cəzalarla buna nail olmaq mümkündür. Komforta öyrəşmiş başçılara ”içəri”də qara dustaqdan fərqli olmayan bir yaşam təmin edilməlidir. İstər-istəməz komfortlu həyata öyrəşən biri kimi həbsdə də özünə həmin şəraitə yaxın yaşamı təmin etməyə çalışacaq. Bu halda adamlara konkret şərt irəli sürülməlidir:  oğurladığını ver, komfortunu təmin elə. Yoxsa ki, icra başçıları, nazirlər həbsə düşəndə özlərinə orada yaxşı şərait yaradırlar. Adi insanın həbsxanadakı həyatı ilə məmurun, oliqarxın həyatı eyni olmur. Onlar orada heç cür pis yaşamırlar, xalqdan oğurladıqları pulların cüzi bir hissəsini xərcləməyin qarşılığında özləri üçün çox gözəl şərait qururlar. Əlbəttə, azadlıqdan gözəl nemət yoxdur. Ancaq həbsdə bütün hüquqları məhdudlaşdırılsa da, öz həyatlarını sürürlər. İstənilən şəxs yanlarına gedə bilir, telefonları da olur, danışa bilirlər. Bu baxımdan Azərbaycanda son illərin təyinatları, gənc kadrlar istisna olmaqla, əvvəlki məmurların, xüsusən də icra hakimiyyəti başçılarının əksəriyyəti bunu gözə alıb. Korrupsiyaya görə sərt cəza verilməli və korrupsionerlərin həbsdə özlərinə şərait qurmalarının qarşısı alınmalıdır”.

Hüquqşünas deyib ki, korrupsiyaya görə həbsə alınan heç bir icra başçısı, məmur əfv və amnistiyaya düşməməlidir: “Azərbaycanda sərt qanunlar qəbul olunmalıdır. Amma belə bir şərt də qoyula bilər ki, öz adına və başqalarının adına olan bütün əmlakı gətir qaytar və ondan sonra daha yüngül cəzaya ümid elə”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”