22 Dekabr 2024

“Hazırda türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi çox önəmlidir”

“Bu gün Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri digər dövlətlər üçün nümunədir. 2021-ci il 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu münasibətləri ən yüksək səviyyəyə qaldırıb”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: “Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Bəyannamənin imzalanması gün-Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox əlamətdardır. Elə məhz bu bəyannamənin imzalanmasının günün 3-cü ildönümündə Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirildi. Biz də YAP nümayəndə heyəti olaraq həmin tədbirdə iştirak etdik. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu oxundu. Məktubu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxudu. Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına təbrik məktubunda qeyd etdiyi kimi son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Cənab Prezident qeyd edib ki, yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir.
Xatırladaq ki, bynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edirdi. Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiya təşkil edildi. Sessiyalarda dərin, məzmunlu, vacib əhəmiyyətli məsələlər müzakirə edildi”.
O bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr arasında dostluq əlaqələri getdikcə dərinləşir: “Bildiyimiz kimi, gələn Şuşada TDT-nın qeyri-rəsmi qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Hazırda ən yüksək səviyyədə bu tədbirə hazırlıq gedir. Yeri gəlmişkən, iyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığında bu haqda da danışılıb. Göründüyü kimi, hazırda türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsi çox önəmlidir”.