Hərbi jurnalist: “Ermənistanın hər bir addımı diqqətlə izlənilməli və…”
“… adekvat cavablar verilməlidir”
“İşğalçı ölkə “erməni faşizmi” ideologiyasından əl çəkmədiyi müddətdə həm Qafqaz, həm də dünya üçün təhlükə mənbəyi olaraq qalacaq”
“Amma havadarlarının köməyi ilə 7 ilə torpaqlarımızı işğal edən Ermənistanın 44 gündə bu əraziləri təhvil verməyə məcbur olduğunu unutmamalıyıq”
“Müharibədə Ermənistanın qoyub qaçdığı texniklar, sursatlar, 10 mindən çox fərari sayı dünya ermənilərinin 200 illk miflərini darmadağın edib”
İkinci Qarabağ müharibəsi dövründə əsgər və zabitlərimiz ön cəbhədə döyüşürdülər. Arxa cəbhədə sabitliyin təmin olunmasında, bu və ya digər informasiya təxribatının qarşısının alınmasında isə jurnalistlərimizin müstəsna rolu var idi. Bəzi media işçilərimiz hər ikisində- həm ön xətdə, həm də informasiya cəbhəsində vuruşurdu. Onlardan biri də İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru Şöhrət Eyvazovdur. Şöhrət bəyin Birinci Qarabağ müharibəsində iştirakı və ehtiyata buraxılmış kapitan olması budəfəki hərbi əməliyyatlar zamanı onun çox köməyinə gəldi. Həmkarımız bir-bir azad olunmuş torpaqlarımızdan təqdim etdiyi reportajlarla sanki ürəklərə su çiləyirdi.
Şöhrət bəyin bu günlərdə “Zəfər media” mükafatına layiq görülməsi heç də təsadüfi deyil. Bu, onun birbaşa müharibə dövründəki səmərəli fəaliyyəti ilə əlaqədardır. Biz də “Sherg.az” olaraq kolleqamızla əlaqə saxladıq və bir sıra aktual suallara cavab axtardıq:
– Vətən müharibəsindəki qələbəmizi necə qiymətləndirirsiniz?
– Möhtəşəm. Mən üçqat sevinclə qarşıladım. Birinci Qarabağ müharibəsində döyüşdüyüm yerlərin, şəhid olmuş döyüş dostlarımın qanının töküldüyü yerlərin azad olunmasının yaratdığı sevinci sözlərlə izah edə bilmərəm. Qürur qarışıq bir sevincdir. İkincisi, Qarabağda doğulsam da, atamgil Dərələyəz mahalının Sallı kəndindən 1950-ci illərdə deportasiya olunarkən məşəqqətə dözməyərək həlak olan 15 yaşlı Məmmədəli əmimin və digər soydaşlarımızın qisası alındı. Anamgil isə Sisyanın Ərəfsə kəndindəndirlər. Ana qohumlarımın əksəriyyəti 1918-ci ildə daşnak Andrakinin Zəngəzurda törətdiyi terrorun qurbanı olub. Nəhayət, 2007-ci ildən başlayaraq İctimai Televiziyanın Qarabağ müxbiri olaraq Ağdamın cəbhə xəttinə bitişik Çıraqlı, Cəbrayılın Cocuq Mərcanlı kəndindən və digər yaşayış məntəqələrimizdən reporajlarda dediyimiz, “Gün o gün olsun növbəti bayramı Şuşada keçirdək!” arzumuzun reallaşacağının gətirdiyi sevinc. Azərbaycan xalqının, Azərbyacan ordusunun bu qələbəyə gələn yolu otuz il çəkdi. Atəşkəsdən sonrakı hər il ordumuzun maddi-texniki bazasının təkmilləşdirilməsinə, əsgər və zabitlərin döyüş və psixoloji hazırlığının güclənməsinə öz töhfəsini verirdi. 2016-cı ilin Aprel döyüşlərində Ermənistan Ordusunun döyüş qabiliyyəti “test” edilmişdi. Düzdü, hiyləgər düşmən həmin döyüşlərdən sonra müdafiə xətlərinin sayını 2-dən 5-ə çatdırmışdı. Amma müzəffər Ali Baş Komandanın “dəmir yumruğunun” qarşısını ala bilmədilər. Xalqımızın Orduyla bir olması qələbədə mühüm əhəmiyyət kəsb edir.
– Bu uğurun qazanılmasında jurnalistlərimiz hansı rolu oynadılar?
– Biz informsiya təhlükəsizliyinin tələblərinə əvvəlki illərlə müqayisə olunmayacaq qədər doğru əməl elədik. Kiçik istisnalar oldu. Məsələn, canlı efirdə düşmən mərmisinin düşdüyü yerin ümumi görünüşünün göstərilməsi və yaxud nəyin yaxınlığına düşdüyüyün deyilməsi kimi. Lakin bütövlükdə informasiya cəbhəsi – istər Qarabağ bölgəsində 10 ildən çox xidmət edən media nümayəndələri, istər Bakıdan ezam olunan qruplar bu sınaqdan uğurla çıxdı. 44 günlük müharibədə sosial şəbəklərdə məhduddiyyətlərin olduğuna görə əsas məlumat bazası peşəkar KİV idi. Mediamız həm hərbi əməliyatlar, həm də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terrorun nəticələri haqqında ətraflı məlumat verdilər.
– Necə düşünürsünüz, belə fors-major hallarda jurnalistlər necə davranmalıdır: xəbərçilik, yoxsa vətəndaşlıq önə keçməlidir?
– Birmənalı şəkildə vətəndaşlıq. Ola bilsin, hansısa xarici ölkədəkilər, jurnalistikanın hansısa prinsiplərini önə çəkib, bunun əksini sübut etməyə çalışsınlar. Amma bu prinsipləri özlərinə sərf eləyən şəkildə istifadə və ya təbliğ etmək onların köhnə adətidir. Məsələn, Amerika-İraq müharibəsində Amerika ordusunun bütöv bir bölməsi qida təminatında gecikməyə görə döyüşə girməkdən imtina eləmişdi. Lakin o vax həmin məlumatın yayılmasının qarşısı tam alındı. Bu barədə hardasa 3 il sonra xəbərlər yayıldı.Tək müharibə yox, ümumi hərbi mövzularla bağlı bu qaydanı hər zaman qorumaq lazımdır. Ölkəmizdən misal çəkə bilərəm, təxminən 15 il əvvəl düşmənin kəşfiyat qrupu Füzuli istiqamətində cəbhə bölgəsinə keçmişdi və onlardan 2 nəfəri saxlanmışdı. Sensasia yarışında olan bir media qurumu sözügedən məlumatı yayanda, bunu Ermənistan da bildi və digər erməni diversantları tutmaq mümkün olmadı.
– Bilirik ki, ilk günlərdən etibarən düşmən ard-arda dezinformasiyalar yayırdı. Həmin saxta xəbərləri neytrallaşdırmaq, qarşısını almaq üçün Azərbaycan media nümayəndələri nə etməlidirlər?
– Bəli, məsələn, Ermənistan Hadrutun, sonra Şuşanın azad edilməsini boynuna almaq istəmirdi. Burda məqsəd, “əks-hücum ilə, bəlkə də, qaytararıq” prinsipi idi. Təkcə Hadrutun geri qaytarılmasına 3 ciddi cəhd oldu. Hər birində də “burunları ovuldu”. Və ya mülki obyektlərə atəş açmaq cəhdlərini guya, həmin ərazilərdə hərbi obyektlərin olmasıyla “izah” edirdilər. Lakin həm yerli, həm də xarici media nümayandələri, xüsusi ilə də, qardaş Türkiyə jurnalistləri ermənilərin bu dezinformasiyalarının qarşısını ala bildilər.
– Bilirsiniz ki, uzun müddətdir Azərbaycan və Türkiyə ortaq media platformasının yaradılması müzakirə olunur. Belə bir layihənin əhəmiyyəti nədən ibarət olacaq?
– İnformasiya cəmiyyətində yaşadığımıza görə bu platformanın çox böyük əhəmiyyəti var. Əslində sözügedən platformanın yaradılmasının vacibliyi, bu birlik özünü 44 günlük savaşda praktik olaraq göstərdi. Uzun müddət təklənmiş Azərbaycana verilən digər mənəvi dəstəklər kimi, bu media dəstəyi həm Türk dünyasına, həm digər ölkələrə haqq səsimizin çatmasında mühüm rol oynadı. Türk jurnaslistlərin həyatlarını təhlükəyə ataraq hazırladıqları reportajlar çox maraqla qarşılanırdı. Jurnalistlərimizin cəbhə xəttindən hazırladıqları reportajların Türkiyə televiziya kanallarında nümayişi də elə bu birliyin təzahürü kimi qiymətləndirilməlidir. Ümid eləyirik ki, tezliklə daha sistemli Azərbaycan-Türkiyə media platformasının yaradılmasının şahidi olacağıq. Bu layihənin əhəmiyyətinin gələcəkdən iki qardaş ölkədən əlavə, digər türkdilli dövlətləri də əhatə edəcəyindən əminəm.
– Vaxtı ilə hərbçi kimi uğrunda döyüşdüyünuz torpaqlarda indi reportajlar hazırlamaq necə hissdir?
– 44 günlük savaşdan əvvəlki dövrdə cəbhə bölgəsində xidmət edən hərbi jurnalistlərimizin, operatorlarımızın əsas azusu Qələbə reportajlarını vermək idi. Mən o vaxt deyirdim ki, əsas bu Zəfəri qazanmaqdır, o qədər yaşayış məntəqələrimiz azad ediləcək ki, hamımıza bu xəbəri verməyə növbə çatacaq. Həm müharibə veteranı, həm də hərbi jurnalist kimi Cəbrayıldan, Hadrutdan, Daşaltıdıan, Şuşadan soyuqqanlı reportaj hazırlamaq çox maraqlı və şərəfli idi. Məsələn, xüsusi təyinatlılarımızın möcüzə igidliyini göstərmək, demək olar ki, mümkün deyil. Ölümün gözünə dik baxıb, müqəddəs bayrağımızı dalğalandırıb, əbədiyyət zirvəsini fəht edərkən özünü xoşbəxt sayan şəhidlərimiz haqqında danışmaq isə bir reportaja sığmaz. O torpaqlarda olarkən bu ərazilərimizin hər qarışı uğrunda qan töküldüyünü unutmamalıyıq!
– Bir zabit kimi fikriniz maraqlıdır, yeni müharibə başlaya bilərmi? Hadisələrin bundan sonrakı inkişafını necə təxmin edirsiniz?
-Biz sülhpərvər xalqıq, başqasının torpağında gözümüz yoxdur. Amma, deyirlər ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ermənistan tərəfinin müharibə ritorikası, müəyyən qüvvələrin onu yenidən qızışdırmaq cəhdləri əslində münaqişə ocağının nə vaxtsa alovlana bilməsini istisna etmir. Buna baxmayaraq, Ermənistanın özünə gəlməsinə ən azından xeyli vaxt lazım olacağı qənaətindəyəm. İkinci bir tərəfdən isə Ermənistan, “erməni xəstəliyi”, “erməni faşizmi” ideologiyasından əl çəkmədiyi müddət ərzində həm Qafqaz, həm də bütün dünya üçün təhlükə mənbəyi olaraq qalacaq. Havadarlarının köməyi ilə 7 ilə torpaqlarımızı işğal edən Ermənistanın 44 gündə bu əraziləri təhvil verməyə məcbur olduğunu unutmamalıyıq. Müharibədə Ermənistanın qoyub qaçdığı texniklar, sursatlar, 10 mindən çox fərari sayı dünya ermənilərinin 200 illk miflərini darmadağın edib. Lakin bütün hallarda qarşı tərəfin hər bir addımı diqqətlə izlənilməli və adekvat cavablar verilməlidir.