Hərbi ekspert: ”Qaçqınların geri qaytarılmasına BMT də nəzarət etməlidir, çünki…”

Son 4-5 gündür ürəyi Qarabağla çarpan soydaşlarımızın qaynar nöqtələrdə baş verən olaylarla bağlı narahatçılığı səngimir. Cəmiyyəti narahat edən bu mövzu ilə bağlı suallarımızı hərbi eksperti Ədalət Verdiyev cavablandırır.
–Ədalət müəllim, bildiyiniz kimi, Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 3 tərəf arasında razılaşdırılmış xəritəni 14 dekabrda dəyişməsi ictimaiyyətdə bir gərginlik yaratdı. Razılaşarsınız ki, əvvəldən də ictimaiyyətimizdə güvənlə qəbul edilməyən rusiyalı sülhməramlıların etibarı bir bal da aşağı düşdü.
-Bəli, Rusiya sülhməramlıları həqiqətəndə həddini aşdı. Bəyanatda nəzərdə tutulmamasına baxmayaraq, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndinin yer aldığı əraziləri də nəzarətə götürməklə bağlı “xəritə yenilənməsi” etdilər. Bu isə haqlı narazılığa səbəb oldu və dərhal rəsmi Bakının etirazına əsasən 14 dekabra olan yeni xəritəsi dəyişdirildi. Adıgedən kəndlərdə antiterror əməliyyatı keçirən Azərbaycan DTX-sı bu ərazilərə nəzarəti öz üzərinə götürdü. Azərbaycan cəmiyyəti qismən sakitləşsədə, düşünürəm ki, belə gərginliklərin gələcəkdə yaşanmaması üçün aidiyyatı qurumlar öz fəaliyyətini bir az da aktivləşdirməlidirlər.
– Deməli, bu vaxta qədər rus sülhməramlıları Xankəndiyə 39 min 700 ermənini qaytarmağa nail olub. Gələnlərin başqa ölkələrin vətəndaşı, terrorist olmaması hansı şərtlərlə yoxlanılır. Sizcə, bu proses də gələcəkdə növbəti gərginliyə səbəb olacaqmı?
– Xankəndiyə qaytarılacaq yerli əhalinin sayına məhdudiyyət tətbiqinə dair məndə rəsmi məlumat olmasa da, bildirim ki, Ali Baş Komandanımız İlham Əliyev də çıxışlarının birində o ərazilərdə əvvəllər 95 min erməni əhali yaşadığını söyləmişdi. Zənnimcə, qaçqın əhalinin böyük hissəsi ya Ermənistan ərazisində qalmağı, ya da xarici ölkələrdə yerləşməyi daha rahat hesab edərək geriyə dönməyəcəklər. Qeyd etmək yerinə düşər ki,Qarabağdan olan qaçqınların təyin olunan ərazilərə qaytarılması Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyi arasında imzalanmış 10 noyabr Bəyanatının 7-ci bəndinə əsasən həm də BMT-nin qaçqınlar üzrə ali komissarlığının ofisinin nəzarəti altında həyata keçirilməlidir. Belə olduqda Qarabağın yerli əhalisi olmayan ermənilərin geri qayıtması önlənə bilər. Bəli, bu prosesə sülhməramlılarla birgə BMT-nin qaçqınlar üzrə ali komissarlığı da nəzarət etməlidir.
– Sizdə elə bir məlumat varmı ki, geri qaytarılan erməni əhalisinin içərisində, separatizm meyilli, araqızışdırıcı, terrorçu yoxdu…
– Hesab edirəm, geri qayıdanlar arasında bu tip şəxslərin olub-olması DTX ilə Süihməramlıların və BMT-nin qaçqınlar üzrə ali komissarlığının ofisi arasında məlumat mübadiləsi zamanı aşkar oluna bilər. Lakin bu mövzuda rəsmi məlumat olmadığı üçün konkret fikir bildirmək də mümkün deyil. Sülhməramlıların fəaliyyəti ilə bağlı rəsmi Bakının müəyyən informasiyanı tələb etmək hüququ var və əminəm ki, bu informasiyalar da Azərbaycana vaxtaşırı təqdim edilir. Nəzərə alsaq ki, tez ya gec Azərbaycanın dövlət infrastrukturları öz funksiyasını yerinə yetirməyə başlayacaq və gələcəkdə bu proseslər yenidən lazımı filtirasiyadan keçəcəkdir . Geri qayıdan ermənlər heç bir qruplaşmada, terrorçuluqda, separatizmdə adı hallanmırsa və sənədlərində bu yerdə doğulduqları haqqında məlumat varsa, o zaman onlar bizim vətəndaşımız hesab olunacaq. Lakin bu təbii ki, bir qədər müddət tələb edir.
-Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
Əntiqə Rəşid