23 Dekabr 2024

“Hərbi çevriliş Ermənistanın Qərbdən tam təcridinə gətirəcək” – erməni analitik

“Keçmiş baş nazir Vazgen Manukyan və onun başçılıq elədiyi müxalifətin “Vətəni Xilas Hərəkatı” Ermənistan siyasətinin ən mürtəce qanadını təmsil edir”.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Robert Qazaryan “Vestnik Kavkaza”dakı təhlili məqaləsində yazır.

Baş nazir Nikol Paşinyanla qarşıdurmada radikal müxalifətin prezident Armen Sərkisyanı öz tərəfinə çəkməyə çalışdığını qeyd edən müəllifin əminliyinə görə, Sərkisyanla Manukyan arasında əməkdaşlıq perspektivi mümkün deyil: “Çünki küçə vətənpərvərləri üçün ehtiyatlı siyasətçi olan Ermənistan prezidenti yalnız Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir vasitə ola bilər, başqa bir şey yox. Hazırda yalançı müxalifətçilər Armen Sərkisyanın qarşısına şərt qoyublar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Onik Qasparyanın vəzifəsindən azad edilməsi məsələsində Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etmədiyi təqdirdə onu hətta Qarabağdakı hərbi məğlubiyyətdə günahlandırmağa belə hazırdırlar. Vazgen Manukyan bunu tərəfdarlarının təşkil etdiyi 6 mart mitinqində açıq söyləyib”.

Sözünə davam edən Qazaryan yazır ki, Ermənistandakı üçüncü siyasi hərəkat qismində açıq-aşkar revanşist hisslərlə yaşayan sadiq prezident Robert Köçəryan və Qarabağ klanının digər üzvlərinin bloku çıxış etməyə çalışır: “Qarabağ separatçıları üçün Armen Sərkisyan – Ermənistan siyasətində çoxdan öz rolunu oynamış və artıq heç bir əhəmiyyət kəsb etməyən şərti bir fiqurdur. Bunu Köçəryanın tərəfdarlarının Sərkisyana qarşı ehtiyatlı kampaniyası dolayısı ilə təsdiqləyir – hansılar ki, prezidentin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası məsələsində davranışını ən azından qəribə sayırlar. Köçəryanın ölkədə separatçıların hakimiyyətini necə bərpa edəcəyi tam olaraq bilinmir, lakin gələcəkdə onun özü üçün bugünkü standartlarla təvazökar bir prezident rolu seçəcəyi istisna deyil. Baş nazirlik postuna gəlincə, ehtimal böyükdür ki, o, hətta parlament seçkilərində iştirak etməyə hazır olan bu və ya digər partiyanın partiya siyahısına daxil olmasın. Lakin tərəfdarlarının seçkiləri qalib gələcəyi təqdirdə yəqin ki, kənardan hökumət fəaliyyətinə nəzarət edəcək”.

Erməni şərhçi generalitetin də Sərkisyana dərin inam bəsləmədiyini bildirir. “Siyasi fəallığı bu günlərdə nəzərəçarpacaq dərəcədə artan Ermənistanın yüksək çinli hərbçilərinin də Sərkisyana inamı yoxdur, ona görə ki, son müharibədə məğlubiyyətə görə mümkün ittihamlara qarşı onlar öz “müdafiə xətləri”ni qurublar. Generalitet özünü hökumətin başçısı elan edə bilmir. Bu səbəbdən hərbi çevriliş variantı perspektivsizdir. Üstəlik, bu, Ermənistanı Qərbdən tam təcrid olunmasına aparıb çıxaracaq.

Erməni generallarının mövqeyi hazırda ondan ibarətdir ki, ordu Nikol Paşinyanı baş nazir postundan sıxışdırmağa çalışan mülki şəxslərə mane olmasın”, – deyə müəllif vurğulayıb.