Həcc ziyarəti ilə bağlı qeyri-müəyyənlik

Azərbaycanlı zəvvarlara Həcc ziyarətinə yollanmağa icazə veriləcəkmi?
“Neçə il idi, anamın arzusu vardı, Həcc ziyarətinə getmək istəyirdi. Keçən il pandemiyaya görə alınmadı. ”Ölməmiş müqəddəs torpaqlara ayağım dəysin” deyir. İndi ümidimiz bu ilədi, bəlkə icazə verərlər”. Bu, Hüseyn Əliyevdir, o, qəzetimizə müraciət edərək Həcc ziyarəti ilə bağlı xəbər öyrənmək istədiyini deyib.
Digər oxucumuz Nazənin Məmmədova da Həcc ziyarəti ilə bağlı arzularını dilə gətirib: “İki arzum vardı, birincisi doğulduğum Ağdamım geri alınsın, gedib orada namaz qılmaq, bir də Həcc ziyarətinə getmək idi. Torpaqlarımız geri alındı, arzum yerinə yetdi. İnşallah, uşaqlıqdan arzuladığım Həccə getmək də qismətimə yazılar”.
Son günlər Həcc ziyarəti ilə bağlı “Yeni Müsavat”a çoxsaylı suallar verilməkdədir. Kimisi giley-güzar edir, niyə icazə verilmədiyini deyir. Kimisi də bu il ziyarətin olması üçün dualar edir.
Qafqaz Müsəlmanları İdarəsi isə Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir. Rəsmi bildirişin yaxın günlərdə olacağı bildirilir. Martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə getmək üçün zəvvarların koronavirusa qarşı peyvənd olunmasını bir məcburi şərt kimi müəyyən edib.
Bəs görəsən, azərbaycanlı zəvvarlara bu il Həcc ziyarətinə yollanmağa icazə veriləcəkmi? Bu il Həcc ziyarəti baş tutmaya bilərmi?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Qurumdan “Yeni Müsavat”a bildirilib ki, bununla bağlı məsələ hələlik qeyri-müəyyəndir: “Bilmirik, bu il Həcc ziyarəti olacaq, ya yox. Amma Səudiyyə Ərəbistanında bununla bağlı artıq elan verilib. Keçən il də müəyyən şərtlər daxilində olmuşdu. Ölkənin yerli vətəndaşları və xarici vətəndaşlar üçün Həcc ziyarəti təşkil etmişdilər. Sosial məsafəni gözləmək şərtilə bu həyata keçirildi. Hazırda bir sıra xarici dövlətlər üçün müəyyən şərtlər irəli sürüblər, amma bizə aid məlumat yoxdur. Hələ ki gözləmə mövqeyindəyik”.
Qurumdan “səfər baş tutarsa, qiymətlərdə dəyişiklik olacaqmı?” sualına da cavab verilib: “Hələ ki qiymətlərin artıb-artmayacağı barədə qərar verilməyib. Bu il vaksinasiya olunmaq kimi tələb qoyulub, hava limanına daxil olan zaman da müəyyən şərtlər irəli sürülə bilər. Məsələn, ötən il Ümrə ziyarəti üçün gələn zəvvara smartfonda müəyyən proqram yükləmişdilər. Bundan sonra onlar hotellərdə üç gün karantində qaldılar. Yalnız bundan sonra ziyarətə gedə bildilər. Eyni zamanda 50 yaşdan yuxarı vətəndaşlar üçün məhdudiyyət var. Yalnız 18 yaşdan 50 yaşa qədər olan şəxslərə icazə verilirdi. İndi Həcc ziyarəti üçün hansı şərtlər olacaq, hələ ki bilmirik”.
Qeyd edək ki, müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVİD-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər. Bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək.
Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”