Güc, ürək və əzm sayəsində…
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Bir-biri ilə sıx tellərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı tarixin bütün sınaqlarından şərəflə çıxıb və bu gün yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev ötən il ölkəmizdə keçirilən “TEXNOFEST Azərbaycan” festivalında “Təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırdı ki, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.Reallığı özündə əks etdirən və hər kəsə çağırış olan bu fikirlərin fonunda Azərbaycan dövlətinin və xalqının Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı kədəri, sarsıntısı daha aydın dərk olunur. Bu kədər qardaşın digər qardaşın yaşadıqlarından keçirdiyi sıxıntı olmaqla bərabər, göstərilən dəstəklə nəyi necə ifadə etdiyimizə bir açıqlamadır. Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyinə gələrkən səfirlə söhbətində bu məqamı belə ifadə etdi ki, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.Hər iki dost, qardaş ölkənin qarşılaşdıqları bütün çətin məqamlarda ilk köməklərinə çatan məhz özləri olur. Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Fevralın 6-da baş verən zəlzələnin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilir. Azərbaycan dövləti, xadqı ilk saatlardan qardaş ölkəyə “Kədəriniz kədərimizdir” bəyan etdi. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Azərbaycan xalqının qardaş ölkəyə dəstəyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 1000 nəfərə yaxın çevik xilasetmə qüvvələri qardaş ölkədədir. Diqqət çəkən məqam budur ki, sadə vətəndaşlar bu yardımlara qoşularaq qardaş dəstəyinin fəal iştirakçısı olmaqdan qürur hissi keçirirlər. Azərbaycan xalqı qardaş dəstəyini çox da uzaq olmayan tarixdə – 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı gördü və bundan böyük güc aldı. Türkiyə dövlətinin və Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında qardaşlığın təntənəsi oldu. Şanlı Zəfərimizdən sonra Azərbaycan-Türkiyə münasibətləri daha yüksələn xətlə inkişaf edir. Mədəniyyət paytaxtımızda imzalanan Şuşa Bəyannaməsi dostluğumuzun, qardaşlığmızın və müttəfiqliyimizin rəsmiləşdirilməsi oldu. Bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu kimi qürurverici məqamları xeyli sayda sadalamaq olar. Hər biri Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin sarsılmazlığının təsdiqidir. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzm sayəsində tezliklə qardaş Türkiyədə baş verən təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq.