18 Aprel 2024

Gözlər Brüsseldə, nəzərlər Əliyevdə – Paşinyanı ultimatum və 2 tələb gözləyir

“Sülh  oyunu” oynayan Ermənistan baş nazirinin “qulağını dartmaq” zamanı çatdı! ABŞ və Fransa niyə 10 noyabr sənədini sabotaj etmək istəyir – motiv…

Bu gün Belçikanın və Avropanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti, sayca 4-cü görüş olacaq. Artıq rəsmi Bakı danışıqlar ərəfəsi ümid ifadə edib ki, bu görüşdə heç olmasa, tərəflər arasında sülh sazişinin mətninin hazırlanması üçün işçi qrupunun təşkili razılaşdırılacaq.

Belə olarsa, əlbəttə ki, əvvəlki 3 görüşdə əldə edilən anlaşmalar yeni və daha dinamik məzmun qazana bilər. Brüssel prosesi irəlilədikcə isə əlbəttə ki, “Minsk prosesi” və onun “bic doğulmuş övladı” – ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu bir az da lüzumsuz alətə çevriləcək – ABŞ, Fransa və “maşa” Ermənistan onu israrla diriltməyə çalışsa da.

Bu səbəbə son yazılarımızın birində vurğulamışdıq ki, Birləşmiş Ştatların 30 ildən sonra, konflikt həll olunandan sonra (!) Minsk Qrupuna yeni həmsədr təyin eləməsi utancverici olmaqla yanaşı, həm də Brüssel sülh prosesinə zərbədir. Çünki rəsmi İrəvan 10 noyabr üçtərəfli kapitulyasiya aktından yayınmağın yeganə yolunu köhnə və uğursuz formata qayıtmaqda görür. Belə çıxır, ABŞ və Fransa da 10 noyabr sənədini sabotaj yolu tutub.

Oxu.az - Həmsədrlərin imtina etdikləri həmsədrlik və mandatsız qrupdan əl  çəkməyən Ermənistan

Bu iki ölkənin səfirlərinin keçən həftəsonu Şuşaya səfərdən imtinası bu qənaəti möhkəmlədir. Hər halda, Minsk Qrupunun üçüncü həmsədr ölkəsi olan Rusiyanın səfiri Mixail Boçarnikov ötən ay Şuşada olub, Şuşa qalası önündən şəkil də paylaşıb. Bundan əlavə, Rusiya öz həmsədrinə yeni status verməklə faktiki Minsk Qrupu formatından imtina edib.

Yəni Rusiya ABŞ və Fransadan fərqli olaraq Azərbaycana, onun ərazi bütövlüyünə və suverenliyinə qat-qat səmimi münasibətdə olduğunu ortaya qoyub. Bu üzdən son vaxtlar İrəvan öz 1 nömrəli strateji müttəfiqindən ümidini üzmüş kimidir və Qərbin, özəlliklə Amerikanın əlinə oynamağa çalışır. Təsadüfi deyil ki, ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi, üstəgəl, Vaşinqtonun sanki Bakının acığına MQ-yə yeni həmsədr təyin eləməsi İrəvanda ruh yüksəkliyi yaradıb, Azərbaycana qarşı ərazi iddiası iştahını gücləndirib.

Neçə vaxtdır “sülh  oyunu” oynayan Nikol Paşinyan Brüssel görüşünə belə bir “gümrah” ovqatla gedir. Baxaq görək, özünü orada necə aparacaq. Bir şey dəqiqdir: ABŞ-da, Fransada və Ermənistanda Minsk Qrupu dərdi ilə yatıb-dursalar da, Paşinyanın “qulağını dartmaq” zamanı çatıb və mütləq dartılacaq. O səbəbə ki, bölgədə real söz və güc sahibi olan Bakı və Ankara da, Moskva da 10 noyabr kapitulyasiya sənədinin sabotaj edilməsinə imkan verilməyəcək. Əksinə, belə cəhdlər Azərbaycan XİN-in bəyanatında deyildiyi kimi, ABŞ-ın özünün Azərbaycan-Ermənistan nizamlanma prosesindən uzaqlaşdırılmasına gətirə bilər…

*****

Fərid Şəfiyev — Vikipediya

Rusiya-Azərbaycan Ekspert Şurasının həmsədri Fərid Şəfiyev hesab edir ki, Brüssel danışıqlarında İrəvanla sülh sazişi məsələsi Bakı üçün prioritet mövzu olacaq.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində söyləyib.

“Əsas məsələ ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə və gələcəkdə ərazi iddialarından imtina öhdəliyinə əsaslanan sülh müqaviləsidir. Bütün digər məsələlər – sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlər kompleksinin həlli sülh müqaviləsinin bağlanmasından asılı olacaq. Çətin məsələni sonraya saxlayıb, texniki məsələlərlə indi məşğul olmaq ideyası işə yaramır. Ən problemli düyünü kəsmək lazımdır ki, onun çərçivəsində Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin təhlükəsizliyi məsələsi, yəni Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunsun”, – deyə o qeyd edib.

Rusiyanın Ukraynada müharibəsi ATƏT-in Minsk Qrupunun taleyini “sual  altına” alıb? - BBC News Azərbaycanca

Sözünə davam edən Şəfiyev deyib: “Rusiya ekspert camiyəsində sual verirlər ki, nə üçün Ermənistan və Azərbaycan Brüsseldə danışıqlar üçün alternativ platforma açdı, Rusiya istiqaməti ola-ola? Birincisi, Brüsseldəki danışıqlar Rusiya platformasından imtina etmək demək deyil. İkincisi, Avropa İttifaqı hər iki ölkəyə konkret iqtisadi yardım təklif edir. Xüsusən də Ermənistan Brüsselin investisiyalarına çox ümid edir. Üçüncüsü, Rusiya prezidentinin 2021-ci il 11 yanvar tarixli sənədi imzalamasına baxmayaraq, Ermənistan son bir ildə Azərbaycanın qərb rayonlarından Naxçıvana kommunikasiyaların açılması prosesini ləngidir ki, bu da ən əvvəl 10 noyabr üçtərəfli sənədin 9-cu maddəsinə ziddir. Bakı irəliləyişin olmamasından məyus olub. Brüssel formatının işə salınmasının daha bir səbəbi budur”.

Öz növbəsində erməni politoloq Tiqran Qriqoryan ölkəsi sarıdan bədbin ovqatdadır. Onun gözləntisinə görə, Brüsseldə Bakı İrəvanla ultimatum dilində danışacaq və 2 əsas tələb irəli sürəcək: “Qarabağ ”ordusu”nun tam tərk-silah olunması və sülh sazişinin imzalanması. Başqa sözlə, Bakı öz məqsədlərinə çatmaq üçün İrəvana təzyiq aləti kimi gücdən istifadə etməyə hazır olduğunu gizlətmir”.

Ancaq Qriqoryanın fikrincə, Qarabağ məsələsinin Azərbaycan şərtləri ilə həlli Rusiya üçün sərfəli deyil, çünki o halda Cənubi Qafqazı həmişəlik tərk etməli olacaq.

Amma bu, artıq Azərbaycanın problemi deyil…

Siyasət şöbəsi,
“Yeni Müsavat”