13 İyul 2024

“Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub – FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirə olduğunu, ümumilikdə 2022-ci il ərzində şura tərəfindən səkkiz ictimai müzakirənin keçirildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ildə də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə belə tədbirlərin keçirilməsi davam etdiriləcək.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində bu kimi ictimai müzakirələrin əhəmiyyətini vurğulayaraq gömrük sistemində aparılan islahatlardan danışıb, sahibkarların gömrüklə bağlı məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gömrük prosedurları ilə bağlı sahibkarların məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə Agentlik tərəfindən müxtəlif platformalar üzərindən mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Vurğulanıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin və sahibkarların iştirakı ilə 2022-ci ildə altı sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib ki, bu tədbirlərdə 200-ə yaxın sahibkar iştirak edib. Orxan Məmmədov gömrük prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı sahibkarlardan daxil olmuş təkliflər və gözləntilər barədə də məlumat verib. 

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.