28 Avqust 2025

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il 26 avqust – “Laçın şəhəri günü” kimi qeyd olunur. Bu qərar, həm Laçının tarixi-siyasi əhəmiyyətini, həm də xalqımızın qəhrəmanlıq mübarizəsini əbədiləşdirmək məqsədi daşıyır. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu uzun illər boyu həsrət yerinə çevrilmişdi. 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu böyük qələbə qazandı və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Laçın rayonu da mərhələli şəkildə Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri və onun Zabux, Sus kəndləri 2022-ci ilin 26 avqustunda Azərbaycan dövlətinin tam nəzarətinə keçdi. Məhz bu tarixi gün münasibətilə həmin gün “Laçın şəhəri günü” elan olunmuşdur.

Laçın şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm dönüş nöqtəsi idi. Laçın dəhlizi regionda xüsusi strateji mövqeyə malikdir, çünki Qarabağla Ermənistan arasında əsas yol buradan keçir. Azərbaycan Ordusunun bölgəyə tam nəzarəti ölkənin suveren hüquqlarının təmin olunmasında həlledici addım oldu.
Laçının azad olunması təkcə hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətinə və ordusuna bağlılığının təntənəsidir. Bu gün Laçında həyata keçirilən geniş bərpa-quruculuq işləri şəhərin gələcəyini, onun yenidən mədəniyyət, iqtisadiyyat və turizm mərkəzinə çevriləcəyini göstərir.

Hər il 26 avqustda ölkəmizin müxtəlif bölgələrində, xüsusilə Laçında silsilə tədbirlər, mədəni proqramlar və xatirə mərasimləri təşkil olunur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 2023-cü ilin avqustunda Laçında keçirilən ilk rəsmi “Laçın şəhəri günü” tədbirində iştirakı bu tarixə verilən yüksək siyasi və mənəvi dəyərin göstəricisidir.

“26 avqust – Laçın şəhəri günü” xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifəsidir. Bu gün bizə dövlətimizin gücünü, birliyimizin sarsılmazlığını və gələcəyə olan inamımızı xatırladır.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı