21 Dekabr 2024

Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.

2 Fevral – Azərbaycan Gəncləri Günü

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını heç bir zaman əsirgəmədi. Ulu Öndərin hakimiyyəti zamanı xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.

1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları yaradıldı.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lideringənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur.Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır.

Şəmsiyyə Abbaszadə – Bərdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi