Gecikmiş Ağoğlan bələdçiliyim
Gündüz İsmayılovla Mirmehdi Ağaoğlunun ziyarətinə sözardı
Ağoğlana – mənim doğulduğum, üç tərəfindən çaylar axan kəndə qədər getmisiniz. Böyük çayı – gah Minkənd, gah Ağoğlan dediyimiz çayı necə keçdiniz? Maşın körpüsü vardımı?
Mən videoyazısını görəndə Ağoğlan çayını şırıltısından tanımışdım. Adamın ruhunu bu qədər oxşayan ayrı çay şırıltısını sonralar çox axtarsam da, heç yerdə eşitmədim.
Ağoğlan məbədinin mistik aurasını hiss etdiniz, yəqin. Uşaqlığımda o məbədin divarlarına, içərisindəki və çölündəki qədim daşların naxışlarına saatlarla tamaşa eləmişəm. O keçmişə, qədimliyə aparan ovqat, bir vaxtlar o daşlardan aldığım enerji hələ də ruhumda, canımdadır.
Kəndə niyə girməmisiniz, bilmirəm…
Ağoğlan məbədindən balaca Hacılar çayı səmtinə düşsəydiniz, oradakı bulağı görəcəkdiniz: kəndin qız-gəlinləri o bulaqdan su gətirərdilər.
Çayın içindən qabarıb çıxan sal daşlara ayaq qoyub adlasaydınız, Umudun, Əhlimanın çəpərləri arasından daşlı-çınqıllı yola çıxardınız. Bax o yolla kəndə qalxaydınız gərək. Sol tərəf hündür qayaya çıxır. Kənd camaatı ora Yal deyərdi. Orda sal daşların üstündə oturub sola baxanda Qarıqışlaq-Minkənd yolu, aşağı baxanda qıvqıla-qıvrıla axan Ağoğlan çayı, dərin dərələr, Sultanlar, Malıbəy kəndləri görünür. Minkənd-Ağoğlan çayı bir az aşağıda – Gündüzün doğulduğu Zabuxda qıvrılıb Həkəriyə qovuşur, adı da Həkəriyə çevrilir. Dayanıb saatlarla xəyala dalmaq olar o dikdə. Açılan geniş ənginlik adamın içini duruldur, saflaşdırır. Orada, 1983-cü ildə Familin kənd barədə kədərli monoloqunu hekayəyə çevirmişdim, adı “Cənnət dərəsi” idi.
Yala qalxmayıb sağa dönsəydiniz, solda Musa müəllimin, sağda Qaçay müəllimin evini, bağını, həyətini görəcəkdiniz. Görsəydiniz, deyərdiniz, nə qalıb oralardan…
Mirmehdi reportaj hazırlayardı, APA-nın operatoru videogörüntülər çəkərdi. Bir az da düz getsəniz, Aralığa – kəndin düz ortasına çıxardınız. Oradan bir az sağa burulanda sol həyət Halay babamın, Balaxanım nənəmin eviydi. Mən 1964-ün avqust ayında o evdə doğulmuşam. Sonra hələ qırxı çıxmamış körpəni sentyabrın istisində Ağcabədiyə gətiriblər…
O həyətə girsəydiniz, yəqin doğulduğum evin uçuq-sökük divarlarını görəcəkdiniz. Həyətdəki yekə tut, gilas, alma ağacları, bəlkə də, qalmamış olmaz. O ağacların kölgəsində yerə xalça-palaz salıb, üstünə mitəkkə, döşək atıb dincələr, oynayardıq. O uca gilas ağaclarına dırmaşmağımız , qollu-budaqlı o tut ağaclarının budaqlarını gücümüz yetdiyincə silkələməyimiz indi də yadımdadır, dolu, gur yağış kimi karxanaya tökülən tutların səsi hələ də qulaqlarımdadır.
Oradan yuxarı qalxsaydınız, Taxtaya çıxardınız – Zakirin dükanı, kəndin klubu, kitabxanası vardı orda . İndi uçuqları qalar, yəqin. Yuxarı kəndlərdən ermənilər atla-ulaqla hərdən un almağa, alış-verişə gələr, Taxtadan “Zaakir, huuy” deyib onu dükana çığırardılar. Yay aylarında kinonu klubda yox, Taxtada , açıq havada göstərərdilər; yük maşınının yan tərəfinə ağ parça salardılar, kinomexanik Nizami hər dəfə lentləri dəyişəndə evdən gətirdikləri stulların, kötüklərin, döşəkcə qoyub daşların üstündə oturan kənd adamları filmi öz baxışlarıyla təhlil edər, növbəti hissələrin proqnozunu verərdilər. Yay ayları o kitabxananın kitablarını su kimi içərdim.
Məktəbin direktoru, tarixçi Musa müəllimin Ağoğlana gələn ermənilərlə sərt, kəskin söhbətləri yadıma düşür. Davaya çevrilərdi çox vaxt o söhbətlərin axırı. Ağoğlan məbədinə ətraf kəndlərdən bizimkilər də gələr,qurban deyər, şam yandırar, oranı müqəddəs sayardılar. Musa müəllimin ermənilərin Ağoğlan üçün düzəldib gətirdikləri qapını məbədə yaxın buraxmaması, qapını ora qoymağa icazə verməməsi, qədim daşları çıxarıb aparmalarına mane olması ermənilərə bərk yer eləmişdi. Onlar da acıqlarını Ağoğlan camaatının atlarını kəndləri səmtdəki qayadan uçurmaqla çıxmışdılar.
Xırman yerinin böyründən adlayan yol Oqtayla Rəcəbin evləri arasından Yuxarı Kosalar çayına düşüb, qəbirstanlığın yanından dik qalxaraq dağın başında Ermənistan ərazisinə girərdi. Oradakı qədim türk kəndlərindən – Xənəzək, Bayandur, Xoznavardan keçib Məscid düzündən İşıqlı dağının ətəyinə qalxardıq. İşıqlının zümrüd qaşı kimi qoynunda saxladığı dupduru Qara göl orada idi. Ermənilər bu gölü də mənimsəmişdilər, suyunu çəkib bağlarını suvarır, balığını tutub Gorusdakı mağazalarda satırdılar. Qara gölün Azərbaycan ərasizi olmasıyla bağlı Moskvaya gedib çıxan, “İzvestiya” qəzetində məqalə çap etdirən qarıqışlaqlı kənd müəlliminin – Çingiz Mehrəliyevin fəfakarlığından, haqlı mübarizəsindən 1987-ci ildə “Elm və həyat” jurnalında dərc etdirdiyim “Qara göl, yoxsa Sevlic?” adlı yazımda danışmışdım
İşıqlının o üzündən – Əhmədlidən, Minkənddən də keçib Ağoğlana gəlmək olurdu.
Bilmirəm, siz niyə o kəndə girmədiniz?
Bəlkə, heç kənd yerində yoxuymuş?
Haçansa o yerdə kənd olduğu bəlkə heç bilinmirmiş?
Bir yandan, sizi də qınamalı deyil. Getdiyinizi bilməmişəm, bilsəydim ya sizə qoşular, ya da bunları əvvəldən deyib, vaxtında bələdçilik edərdim.
Amma yenə də maraqlıdır: orayacan ki getmişdiniz, kəndə niyə girmədiniz axı?..
Rəşad Məcid,
525-ci qəzetin baş redaktoru