Fransalı qadın illərdir ki, yaşadığını sübut edə bilmir
Fransada 58 yaşlı qadın 3 ildir ki, ölmədiyini sübut etməyə çalışır.
Musavat.com “BBC Türkcə”-yə istinadən bildirir ki, Jeanne Pouchain adlı qadının sənədlərində səhvən öldüyü yazılıb. Səlahiyyətli qurumlar onun rəsmi ölüm kağızına istinad edib, ödənilməmiş borclarına görə əmlakını müsadirə etməyə cəhd göstərib. Bununla da qadının həyatı cəhənnəmə dönüb, o, daim əmlakını itirmək qorxusu ilə yaşayır.
Daha bir problem, öldüyü haqda rəsmi sənədlər olduğu üçün qadının şəxsiyyət və sürücülük vəsiqəsi yenilənməyib, bununla da sosial təminat nömrəsi və tibbi sığortası ləğv olunub.
Pouchain yerli televiziya kanalına açıqlamasında bildirib:
“Mən məhkəmələrə, rəsmi qurumlara görə ölmüşəm, ölüyəm. Hamı məni ölü sayır. Cəhənnəmdə olduğumu hiss edirəm. Artıq çölə çıxmıram, alış-veriş üçün mağazaların bağlanma vaxtına yaxın gedib, hər şeyi təcili alıb, başımı aşağı əyib, gəlirəm. Səhərlər yerimdən qalxıb, günün tezliklə ötməsini gözləyirəm”.
Pouchain qeyd edib ki, rəsmi sənədlərdə özünün öldüyünü görəndə şoka düşüb:
“Lyon Apellyasiya Məhkəməsinin qərarını mənə gətirən əməkdaş mərhum Jeanne Pouchain haqqında nəsə deyirdi. Sənədləri açanda həqiqətən öldüyümü anladım və şoka düşdüm”.
Bəs olay necə baş verib?
Məlum olub ki, 20 il əvvəl Pouchainin şirkətində işləyən bir işçi işdən çıxarıldığı üçün onu məhkəməyə verərək, təzminat istəyib. İllərlə davam edən proseslərdən sonra Lyon Məhkəməsi 2017-ci ildə həmin şəxsin şikayətini təmin edərək, qarşı tərəfə 17 min dollar təzminat cəzası verib. Bütün bu illər ərzində isə Pouchain heç bir zaman məhkəmə proseslərinə gəlməyib və bu səbəbdən məhkəmə onu rəsmi olaraq “ölmüş insan” kimi qəbul edib. Pouchainin vəkilinin iddiasına görə, məhkəmə prosesi zamanı təzminat tələb edən şəxs Pouchainin öldüyünü deyib, məhkəmə isə heç bir rəsmi sənəd olmadığı halda onun sözünə inanıb. Beləliklə, Pouchainin öldüyü güman edildiyi üçün 17 min dollar təzminatın oğlundan və yaxud ərindən alınması haqda qərar verilib.
İndi Pouchain və vəkilləri onun həyatda olmasını sübut etməyə çalışırlar. Qadın “Dövlətin şəxsiyyətimi mənə qaytarmasını istəyirəm. Şəxsiyyətimdən məhrum oldum. Həyatımı, ailəmi, ərimi, oğlumu, sosial çevrəmi geri qaytarmaq istəyirəm”,- deyə üsyan edib.
Xalidə Gəray
Musavat.com