03 Dekabr 2024

Finlərin xoşbəxtliyinin sirri

Finlandiya yenə dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb. Artıq dalbadal altıncı dəfədir ki, finlər xoşbəxtliyə görə dünya birincisi olurlar. İkinci, üşüncü yerdə də şimal ölkələridir: Danimarka, İslandiya.

Heyf ki, indiyəcən yolumuz düşməyib, o ölkənin torpağına qədəm basmamışıq. Hərçənd 5-6 il əvvəl bir kruiz gəmisi ilə Stokholmdan Finlandiyanın liman şəhəri Turkuya qədər üzdük, amma gəmidən düşüb adı doğma şirin görünən (Turkunun Türkiyəyə aidiyyatı yoxdur, “torq” sözündəndir)bu ticarət şəhərinə çıxası olmadıq, geri qayıtdıq. Amma gəmidəki finlər gerçəkdən də xoşbəxt idilər, Axşam saat 9-dan səhər saat 5-ə qədər gəmidə yedilər, içdilər, oynadılar, oxudular. Hiss olunurdu ki, dünya veclərinə deyil, nə inflyasiya dərdi çəkirlər, nə ərazi bütövlüyü, nə də seçki-filan. Heç gender problemləri də yoxdur.

Şişirdib eləmirəm, Finlandiya dünyanın əsasən qadınlar tərəfindən idarə edilən ölkəsidir. Bir ara ölkənin prezidenti, parlamentin sədri, digər nazirlər – hamısı qadınlar idi, az qala tamam matriarxat rejim qurulacaqdı. Bu, ona görə belədir ki, kişilər xoşbəxt olmağı seçirlər, özlərini dövlət işinə vermirlər, soyuq havada finkalarını geyir, gedib fin hamamının 90-100 dərəcəlik istisinda özlərini buxara verir, çıxır, dünyanın ən keyfiyyətli arağını içə-içə kef edirlər.

İşə baxın ki, Finlandiyanın qonşusu Litva da, necə deyərlər, qonşuya baxıb, özünü oda yaxıb, 2017-ci ildən bəri 30 pillə irəliləyib və 4-cü xoşbəxt ölkə olub.

Görürsünüzmü, qonşu xoşbəxt və yaxşı olandan sonra onun o biri qonşuları da yavaş-yavaş xoşbəxtləşir. Yoxsa bizim kimi? Qonşularımız özləri də bədbəxtdir, bizi də özlərinə oxşadıb bədbəxt elədilər, qaldıq 39-42-ci paralellərdə çabalaya-çabalaya.

Xoşbəxt və bədbəxt ölkələrin cədvəlini tutmaq üçün “Dünya xoşbəxtlik hesabatı”nın araşdırmasında 6 amil əsas götürülür: sosial dəstək, gəlir, sağlamlıq, azadlıq, səxavət və korrupsiyanın olmaması.

Hansı ölkələrin göstəriciləri bu deyilənlərə düz gəlir, xoşbəxt hesab olunur, “dannı”ları düz gəlməyənlər gedir bədbəxtlərin cərgəsinə.

Bu tipli başqa hesabatlar da var. O hesabatlarda xoşbəxtlik əmsalını müəyyən etməyi hər ölkənin öz camaatının öhdəsinə buraxırlar. Yəni sorğu keçirir, camaatdan “özünüzü xoşbəxt hesab edirsinizmi” deyə soruşurlar, alınan cavabları ümumiləşdirib müəyyən edirlər ki, hansı ölkənin əhalisi özünü xoşbəxt sayır.

Belə olanda “xöşbəxt ölkələriin reytinq cədvəli”indəki yerlər dəyişir. Məsələn, finlər özlərini ilk onluğa salmırlar, sorğuya təxminən belə cavab verirlər ki, həyatdır da, yaşayırıq, daha da yaxşı ola bilər.

Amma Şimali Koreya, Türkmənistan kimi ölkələrin camaatı sorğuya birmənalı cavab verirlər: “Çox xoşbəxtik. Dünyada bizdən xoşbəxti yoxdur. Bütün ölkələrdə və zamanlarda olduğundan daha xoşbəxtik”.

Kimin hünəri var, sorğuya neqativ cavab versin? Adamı bədbəxt edərlər.

Bir dəfə Özbəkistanın adı da “xoşbəxtlər”in siyahısının ilk 20-liyində getmişdi. Gözügötürməyənlər xarici ölkələrdə qastarbayter (əmək mühaciri) həyatı yaşayan 8 milyon özbəyə işarə edərək deyirdilər ki, əcəba, Özbəkistan belə xoşbəxt ölkədirsə, əkələr başqa ölkələrdə nə gəzirlər, niyə gedib öz ölkələrində xoşbəxt olmurlar.

Sonra məlum oldu ki, onları qınamalı deyil, camaatın xoşbəxtlik haqqında təsəvvürləri belədir: müharibə olmasın, yeməyə çörək olsun, geyməyə paltar olsun, ta insana başqa nə lazımdır?

Bu yerdə məşhur lətifə yada düşür. Bir dağ adamını yolda maşın vurub öldürür. Meyidi tapılanda adamın cibindən bir baş soğan və yarım şüşə araq çıxır. Kəndin ağsaqqalı deyir, arağı var, soğanı var, buna nə olub ki, ölüb.

O kişinin sözü olmasın, elə ölkələr var ki, xoşbəxt olmaq üçün onlara çox şey lazım deyil. Məsələn, Vanuatu. Dörd tərəfi okeandır. Yaxın qonşusu ilə arası bəlkə 1000 kilometrdir. Silaha, PUA-ya, raketə pul xərcləmirlər. Dəniz məhsullarından yeyir, çəkələkdə gəzirlər. Elə ölkədə xoşbəxt olmağa nə var ki?

Axtarsan, araşdırsan, məlum olar ki, dənizdən çıxıb evkaliptin kölgəsində xumarlanan vanuatulu qardaş İbizadakı 5 ulduzlu otelin hovuzunun qırağında şezlonqda uzanıb, çöplə pinakoloda kokteyli sümürən rusiyalı milyarderdən daha xoşbəxtdir. Çünki vanuatulu kasıbın üçdə alacağı, beşdə verəcəyi yoxdur, amma rusiyalı milyarderin Londondokı biznesinə, Parisdəki mülklərinə, Aralıq dənizindəki yaxtalarına həbs qoyulub, məcbur qaxılıb qalıb İbizada, gecə-gündüz fikirləşir: ”Gün o gün olsun ki, qurtarsın dava, dağılsın buludlar, açılsın hava”. Təxminən belə bir şey.

Bir vaxtlar biz də özümüzü xoşbəxt sayardıq. Hətta Zeynəb Xanlarovanın belə bir mahnısı da vardı, deyirdi, dünyanın xoşbəxti mənəm dünyada. Kənd zəhmətkeşləri obaşdan işə getdikləri üçün o mahnıya bazar günü səhər tv-də verilən “Səhər görüşləri” verilişinə baxa bilmirdilər, partiya və hökumətimiz o verilişi bir də axşam saat 11-də təkrarən verdirirdi ki, insanlar qulaq assınlar və özlərini xoşbəxt saysınlar. Sorğu keçirsək, o dövrün adamlarının 90 faizi deyəcək ki, xoşbəxt günlər idi.

Belə baxanda xoşbəxtlik və bədbəxtlik nisbi şeylərdir. Öz ölkəsində və xaricdə 7 villası, 3-4 oteli, 2-3 şadlıq sarayı, 10-15 lüks avtomobili, yüksək vəzifəsi, karlı biznesi olanlar var ki, heç cür özlərini xoşbəxt saymırlar, amma tikintidə fəhlə işləyən, kirayədə yaşayan və özünü xoşbəxt sayan adamlar N qədərdir.

Bu iqlimə, təbiətə bağlı məsələ də deyil. Dünyanın üçüncü xoşbəxt ölkəsi olan İslandiyada ildə 5-6 dəfə gün çıxa, ya çıxmaya. Yaşamaq üçün onların günəşdən başqa hər şeyləri var. Asiyada, Afrikada isə günəşdən başqa heç nəyi olmayan bədbəxtlər milyardlarladır.

P.S. Əslində şimal ölkələrinin xoşbəxtliyinin böyük sirri yoxdur. Onlar köhnə kommunistlərin sözü olmasın, maddi nemətlər bolluğu yaradır və onu ədalətlə bölürlər.

Samir SARI