21 İyun 2025

“Fevralın 16-da universitetlər açılandan sonra yoluxma daha da artacaq” – infeksionist

“Əslində yoluxma sayı rəsmi statistikadan üç dəfə çoxdur, amma bununla belə, sərt karantin rejiminin tətbiqi lüzumsuzdur, çünki…”

Koronavirusun “Omikron” ştamı Azərbaycanda və dünyada tuğyan edir. Ötən gün Azərbaycanda yoluxma sayı rekord sayda olub. Belə ki, ölkəmizdə COVİD-19 infeksiyasına 6620 yeni yoluxma faktı qeydə alınıb, 3385 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. Bu hələ rəsmi açıqlanan rəqəmlərdir. Ekspertlərin fikrincə, qeyri-rəsmi məlumatlarda yoluxma sayının dəfələrlə yüksək olduğu bildirilir. Hazırda hər kəsi bir sual maraqlandırır: hökumət qapanmaya, qadağaların sərtləşməsinə gedəcəkmi?

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hesab edir ki, dövlətlər üçün COVİD-19-un qarşısını almaq üçün bütün məhdudiyyətləri dərhal ləğv etmək üçün hələ tezdir. Onlar ehtiyatlı olmağa çağırıb.

ÜST-in COVİD-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhove deyib ki, vaksinasiya üzrə göstəricilər əksər ölkələrdə, həm də çox həssas əhali arasında aşağıdır: “Ona görə də indi bütün məhdudiyyətləri bir anda aradan qaldırmağın vaxtı deyil”. 

Bu arada, Rusiyada COVİD-19-a yoluxmada yeni antirekord qeydə alınıb, ölkədə son sutka ərzində daha 141 883 nəfər yeni növ koronavirusa  yoluxub. COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb ki, bununla da xəstələnənlərin sayı 12 128 796 nəfərə çatıb.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə son epidemioloji vəziyyət barədə “Yeni Müsavat” a  bunları şərh edib: “Düzdür, hazırda ölkədə ”Omikron” variantı yayılır. “Omikron” variantı da COVİD 19-un mutasiyaya uğramış bir variantıdır,  COVİD 19 bir ştamdır, bunlar isə ondan əmələ gələn variantlardır. Tərkibində 30-dan çox mutasiya olunmuş amin turşuları var. “Omikron” variantı dörd dəfə artıq yoluxuculuq  xüsusiyyətinə malikdir. Bu o deməkdir ki, bu günə kimi olan yoluxmalardan dörd  dəfə artıq yoluxma göstəricisi müşahidə edilir. Avropa ölkələrinin nümunəsinə nəzər yetirək. Misal üçün, Fransada bu gün yoluxmalar gündəlik olaraq 100 min nəfərdir,  əvvəllər 20-25 min nəfər olurdu. Yaxud da Amerikada bu göstərici bir milyondan yuxarı idi. Yəni bütün bunlar “Omikron” variantının hesabınadır, “Omikron” variantının dörd  dəfə çox yoluxuculuq xüsusiyyətinə malik olması ilə bağlıdır. Bununla belə, xəstəlik yüngül keçir, xəstələrdə qripəbənzər əlamətlər – əsasən burunaxma, boğaz ağrısı, döş sümüyü arxasında ağrı,  bəzən qulaqlarda ağrı, hərarət, əzələ-sümük ağrıları kimi əlamətlər müşahidə edilir. İnsanların böyük əksəriyyəti bunu qrip sanır. Amma hazırda ölkədə “Omikron” variantı daha çox yayılıb, nəinki qrip infeksiyası. Sadəcə olaraq, əlamətlər oxşadığına görə ayırd etmək çox çətindir. “Omikron” variantında yoluxma sayı çox olduqca yanaşı xəstəliyi olan insanlarda ağırlaşma ehtimalı çox olur. Hər zaman demişik ki, onkoloji xəstələr, şəkərli diabet, qan sisteminin bir sıra  xəstəlikləri, piylənmə ilə əlaqədar olan xəstəlikləri olan şəxslərdə agırlaşma ehtimalı, xəstəxanaya düşmək ehtimalı çoxdur. Bu insanlar arasında ölüm hallarına rast gəlinə bilər”. 

Delta ştammı hansı xüsusiyyətlərə malikdir? - Vüqar Cavadzadə açıqlayır -  30.06.2021, Sputnik Azərbaycan

Vüqar Cavadzadə

İnfeksionist əlavə edib ki, Avropada aparılan bir sıra kliniki təcrübələr nəticəsində məlum olub ki, “Omikron” variantı zamanı ciyərdə 75 faiz buzlu şüşə əmələ gəlmir: “Amma COVİD-19-da buzlu şüşə əmələgəlmə faizi bir az çox idi. Yəni ”Omikron variantında 25 faiz halda buzlu şüşə əmələ gəlir. Bu variant əsasən yuxarı tənəffüs yollarını zədələyir, ağciyəri zədələmə halı 25 faiz təşkil edir, ona görə də insanların xəstəliyi yüngül şəkildə keçirməsinə səbəb olur. Bir sözlə, hazırda yoluxmaların bu həddə çatmasına səbəb “Omikron” variantı ilə bağlıdır. Yoluxmalar əsasən məktəbəqədər, məktəbyaşlı uşaqların arasında üstünlük təşkil etməsi ilə davam edir. Bu da yoluxmaların həddən artıq yüksəlməsinə səbəb olur. Mən belə hesab edirəm ki, yoluxma bu cür artmaqda davam edərsə, fevralın 16-da universitetlər açılandan sonra xəstələnənlərin sayı daha da artacaq.  Çünki təmaslar getdikcə artacaq. Kimlər ki, iki doza vaksin vurdurub, altı ayın tamam olması yaxınlaşır, yaxud bu müddəti keçməkdədir, artıq həmin şəxslərdə qanda antitellərin miqdarı demək olar ki, yox olur. Amma dünya təcrübəsində göstərilir ki, iki doza “Pfizer” vurulan şəxslərdə “Omikron” variantına qarşı dözümlülük 75 faizdir. Amma  vaksinasiyadan 3 ay sonra bu faiz 35-ə düşür. Bu da nəyi tələb edir?  3-cü, yəni buster dozanı vurdurmaq lazımdır. Kimlər ki, 3-cü buster dozanı vurdurub,  onlar “Omikron” ştamına yoluxsa belə xəstəliyi simptomsuz,  ya da yüngül şəkildə keçirir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, “Omikron” variantında xəstəliyin davametmə müddəti COVİD-19-la müqayisədə qısadır. Təqribən 3-5 günlük müalicə yazmaqla xəstələrdə müsbət effekt almaq olur”.

İnfeksionist yoluxmanın artması səbəbindən də danışıb: “Baxmayaraq ki, ölkədə gündəlik yoluxma sayı statistik məlumatlarda 5 min qeyd edilir. Amma mən hesab edirəm ki, bu göstərici 3 dəfə artıqdır. Öz kliniki təcrübəmdən deyirəm, xəstəyə evdə müayinə üçün baxıram, ailədə 6 nəfər virusa yoluxub,  amma 1 nəfər test verib pozitiv çıxıb. Bir ailənin 6 üzvünün imkanı yoxdur ki, 70 manat verib test eləsin. Qalan 5 nəfər də qeydə alınmır, statistikaya düşmür. Bu onu göstərir ki, gündəlik yoluxma sayı 3 dəfə daha artıqdır. Amma bu amil insanları panikaya salmamalıdır. Artıq bəzi Avropa ölkələrində bildirirlər ki, insanlar test olunmasınlar. Çünki rəqəmlərin olması insanları bir az da panikaya salır,  immun sistemi aşağı düşür, insanlar həyəcanlanır, həyat rejimi pozulur. Zaman gələcək test vermək də gündəmdən düşəcək, onsuz da insanlar artıq COVİD-ə öyrəşib, alışıblar. Əvvəllər həyəcan var idi, COVİD bizim həyatımızdan heç vaxt getməyəcək, virus dəfələrlə mutasiyaya uğrayacaq, yüngül şəklə keçəcək”.

Cavadzadə sərt karantin rejiminin tətbiqinin olub-olmaması barədə də danışdı: “O zaman sərt karantin rejimi tətbiq edilir ki, xəstəxanalarda çarpayı fondunun sayı azalsın. Tərslikdən ”Omikron” variantında xəstəxanaya düşən xəstələrin sayı COVİD-19-dan dəfələrlə azdır. Əgər yoluxmalar kəskin artarsa, xəstəxanalar dolarsa, o zaman sərt karantin tətbiq edilə bilər. “Omikron” variantına yoluxan şəxslərin 90 faizi ev şəraitində müalicə olunur, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, sərt karantin rejiminin tətbiqi lüzumsuzdur. Çünki dəfələrlə sərt karantin rejimi tətbiq edilib, amma yumşalmalardan sonra sürətlə artım müşahidə edilib. Nə etməliyik? Maska taxmalıyıq, qapalı məkanlara getməməliyik, xəstə şəxslərlə əlaqədə olmamalıyıq, əl gigiyenasına fikir verməliyik, hərarətimiz olarsa, özümüzü təcrid etməliyik. İnsanlar hərarəti ola-ola toya, yasa gedirlər. Bilirlər ki, “Omikron” aşkar edilib, “ad günü” keçirir,  qonaq çağırırlar. Bütün bunlar yoluxmanın atmasına səbəb olur. Bu da sonradan orada iştirak edən yaşlı insanların ölümü ilə nəticələnir”.

İbrahim Məmmədov: 1 müəllim yalnız 1 şagirdlə məşğul ola bilər - "İki sahil"

İbrahim Məmmədov

Sərt karantin rejiminin tətbiq edilib-edilməyəcəyi barədə sualı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan da soruşduq. O, “Yeni Müsavat”a bildirdi ki, hələ ki bununla bağlı yenilik yoxdur.

Yeri gəlmişkən, ABŞ-ın Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsi Amerikanın “Moderna” əczaçılıq şirkətinin COVİD-19 əleyhinə vaksinini tam bəyənib. Vaksin “Spikevax” adı altında satışa buraxılacaq. Vaksin ABŞ-ın Ərzaq Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarəti İdarəsinin hələ 2020-ci ilin dekabrından təcili hallarda istifadə edilməsi barədə icazəsinə müvafiq olaraq, Birləşmiş Ştatlarda və dünyada geniş yayılır. Bu, 2021-ci ilin avqustunda bu nişanı alan “Pfizer”dən sonra qurum tərəfindən koronavirus əleyhinə tam bəyənilən ikinci vaksindir.

Qurumun komissarı səlahiyyətlərini icra edən Canet Vudkokun müraciətində deyilir ki, vaksindən istifadəyə tam icazənin verilməsi COVİD-19 pandemiyası ilə mübarizədə mühüm addımdır. O bildirib ki, bu vaksinin tam bəyənilməsi bəzi insanlar üçün peyvəndlənmək barədə qərarın qəbul edilməsində əlavə əminlik yarada bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”