22 Noyabr 2024

Fermerlərin bilik və bacarıqlarının artırılması üçün təlimlər davam edir

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin daxili təlim planına uyğun olaraq, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən 22 fevral 2021-ci il tarixdə Bərdə rayonunun Yenidaşkənd kəndində Hacıyev Hacıbabaya məxsus fermer təsərrüfatında təlim keçirilmişdir.

Görüşdə hazırkı pandemiya şəraiti ilə əlaqədar maksimum 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisi iştirak etmişdir, pandemiya şəraitinin qaydalarına uyğun olaraq ara məsafələri qorunmuş, tibbi maskalardan istifadə edilmişdir.
Tərtər RAEİM-in direktor müavini Namiq Məmmədov açılış nitqi ilə çıxış etmiş, mərkəzin ümumi fəaliyyətinə dair, eləcə də mütəmadi olaraq keçirilən təlimlərin mahiyyəti barədə məlumat vermiş, Tərtər RAEİM-in mütəxəssisi, təlimçi Əliyev Bayram və baş aqronom Əliyev Alim əsasən “Şəkər çuğunduru bitkisinin əkin sahələrində dondurma şumunun aparılması, alaqlara qarşı kimyəvi mübarizə tədbirləri, səpinin təşkili” mövzusunda təsərrüfat sahibləri ilə söhbətlər aparmışlar.
Şəkər çuğunduru əkilməsi üçün dondurma şumu aparılmış sahədə təşkil edilmiş görüş qarşılıqlı müzakirə şəraitində baş tutmuşdur, bölgə də fəaliyyət göstərən, təlimdə iştirak edən bir qrup fermerləri maraqlandıran suallara geniş şəkildə izzahat verilmişdir.
Təlimçilər Bayram Əliyev və Alim Əliyev bildirdilər ki, dondurma şumu 28-30 sm dərinlikdə edilir. Şum ön kotancıqlı kotanlarla aparılmalıdır. Aparılan 3 üzləmədən sonra dərin şum oktyabr ayında edilməlidir. Əkində dondurma şumu gələcəkdə səpin istiqamətinin eninə (köndələninə) edilir. Dondurma şumundan əvvəl torpağa üzvi-mineral gübrələrdən hektara 10-20 ton peyin, fosfor və kalium gübrələrinin 70-80 %-i səpilir. Dondurma şumunun becərilməsi payızda alaq otlarını məhv etmək, torpaqda toplanmış rütübəti saxlamaq, şəkər çuğundurundan kütləvi çıxışlar almaqdır. Aratı əsasən şaxta başlayanda aparmaq yaxşı nəticə verir. Arat zamanı torpaqda olan xəstəlik törədiciləri, zərərvericilər və alaq otlarının toxumları məhv olur. Aratın daha əhəmiyyətli xüsusiyyəti torpağa gələcəkdə əkiləcək bitki üçün rütübət ehtiyyatı yaratmaqdır. İlk becərmələrə fevral ayında başlanır. Bu zaman malalama 10-14 sm dərinliyində edilir. Əgər əkin sahəsi taxıl fəsiləsindən olan alaqlarla sirayətlənərsə bu zaman torpağa mütləq herbisidlər verilməlidir. Birillik dənli və ikiləpəli alaqlara qarşı “Vitoks 72 % k.e -2.8-5,6”, “Eptam 6E, 72 % k.e 2,8-5,6” herbisidlərindən, birillik taxıl otlarına qarşı isə “Pantera 4 % k.e”, “Torqa super 5.5 k.e 1-2 k/ha” bu herbisidlərdən istifadə etmək məsləhətdir.
Səpin qabağı hazırlıq: Çuğundur səpininə 3-4 gün qalmış başlanır. Səpin və səpin qabağı becərmədən əvvəl səpin qabağı suvarma arat edilməlidir. Çalışmaq lazımdır ki, əkində səp-suvar olmasın. Ağır torpaqlarda səp-suvar heç olmaz çünki bu zaman qaysaq əmələ gəlir və cücərtilər torpaq səthinə çıxa bilmir.
Qeyd etmək lazımdır ki, pambıq, qarğıdalı əkinləri aparılacaq sahələr, eyni zamanda şəkər çuğunduru əkiləcək sahələr yuxarıda qeyd etdiyimiz kimi sələf bitkilər yığılan kimi ön kotancıqlı kotanla şumlanmalıdır. Əgər lazım olarsa şumdan əvvəl su verilməlidir. Hal –hazırda bu bitkinin punktik səpin üsulu daha geniş yayılmışdır. Bu üsulla toxumlar arasında məsafə qoyulur, normal cücərtilər alındıqdan sonra seyrəltməyə ehtiyac qalmır. Belə səpin “CKPH-12, 2CHC-6” markalı aqreqatlarla aparılır, punktir üsulu ilə səpin norması 70 sm cərgə arasında 6-8 kq/ha, cərgəarası 45 sm olduqda 22-30 kq/ha, cərgəarası 60 sm olduqda isə 10-12 kq/ha toxum səpilir. Toxumun basdırılma dərinliyi boz torpaqlarda 2,5-4 sm, yüngül və orta gilli, şabalıdı, qonur və qəhvəyi torpaqlarda 3-5 sm, kövşənlik əkinlərində isə 2-3 sm dərinliyə basdırılması tövsiyə olunur.

Bəhruz Nəzərov: Tərtər RAEİM-nin direktoru