08 Sentyabr 2024

Federal hakimlər Baydenin immiqrasiya ilə bağlı qərarlarının icrasını dayandırmağa başlayıblar

Texasın federal hakimi Dryu Tipton ABŞ prezidenti Co Baydenin administrasiyasının bəzi qeyri-leqal immiqrantların deportasiyası ilə əlaqədar elan etdiyi 100-günlük moratoriumun icrasını müvəqqəti dayandırıb.

AZƏRTAC xəbər verir ki, Texasın Baş prokuroru Ken Pakston Bayden administrasiyasını məhkəməyə verəndən sonra federal hakim Dryu Tipton müvafiq fərman imzalayıb. Pakston iddia edir ki, bu moratorium Konstitusiyaya və Daxili Təhlükəsizlik Departamenti ilə Texas ştatı arasında sazişə ziddir.

Pakston öz “Twitter” səhifəsində yazıb ki, Baydenin inauqurasiya mərasimindən altı gün sonra Texas onun “Deportasiyanın dayandırılması barədə qeyri-qanuni fərmanı” ilə bağlı mübahisə qaldırıb. Ştatın moratoriuma qarşı qaldırdığı iddia hələ davam etdiyinə görə Tiptonun fərmanı 14 gün müddətində qüvvədə qalır. Pakston iddia edir ki, əgər qeyri-leqal immiqrantlar cəmiyyətə buraxılarsa, səhiyyə və təhsil ilə bağlı xərclərə görə ştata maliyyə ziyanı dəyəcək. O bildirib ki, bu moratorium başqalarını da Texasa gəlməyə şirnikləndirəcək.

Baydenin təklif etdiyi moratorium haqqında fərman onun andiçmə mərasimindən bir neçə saat sonra imzalanıb və immiqrasiya ilə bağlı, o cümlədən sərhəd divarı tikintisinin dayandırılmasına yönəlmiş fərmanlardan biri olub.