Fatma Yıldırım: “Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir”
“Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmiz davamlı olaraq Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxçıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nın funksionallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub”.
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, iyulun 6-da Qarabağın incisi Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi məna daşıyır. Çünki keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan 30 illik işğal dövründə Şuşada vandalizm əməlləri törətməklə yanaşı, özlərinə xas olan tərzdə Şuşanın simasını dəyişməyə, onu da erməniləşdirməyə cəhdlər göstəriblər. Ancaq bu alınmayıb. Şuşa hətta dağılmış vəziyyətdə də özünün azərbaycanlı ruhunu qoruyub saxlayıb. 2020-ci ilin 8 noyabrında qazanılan Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı Türk etnoslarının göstərdikləri qəhrəmanlıqlar hər kəsə yaxşı məlumdur. Azərbaycan Ordusunun Şuşa Zəfəri həmin qəhrəmalıq tarixinin yeni bir şanlı səhifəsidir. Türk dövlətlərinin başçıları sammit günlərində Şuşanı gəzib, erməni vandalizminə şahidlik edib və həyata keçirilən bərpa işləri ilə tanış olublar.
Millət vəkilinin sözlərinə görə, Şuşa Azərbaycan və azərbaycanlılar üçün çox əziz şəhər olmaqla bərabər, tarix boyunca Şuşada yaradılan zəngin mədəniyyət bütün Türk dünyasının sərvətidir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il respublikamızda “Şuşa İli” elan olunub və xalqımız onun üçün çox əziz olan doğma şəhərin 270-ci ildönümünü təntənəli şəkildə qeyd edib. Eyni zamanda, Şuşa TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Fatma Yıldırım qeyd edib ki, TDT-nın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə daha bir mühüm sənəd – Qarabağ Bəyannaməsi imzalanıb. Sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib. Tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayıblar.
“Bu gün həmçinin Şuşa şəhəri də quruculuq meydanını xatırladır. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar. Deyə bilərik ki, tarixi Şuşa bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün layihələr son dərəcə məsuliyyətlə yerinə yetirilir. Ötən dövrdə şəhərdə onlarca layihə tamamlanıb. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrin bərpası və yaşayış evlərinin tikintisi paralel şəkildə həyata keçirilir. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdışı təmin olunacaq. Əlamətdar haldır ki, türk dövlətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramına qardaşlıq dəstəyi göstərirlər”,-deyən deputat əlavə edib ki, TDT-yə üzv ölkələrin COP29-a dəstək ifadə etmələri də böyük əhəmiyyətə malikdir. Bu ölkələrin liderləri noyabrda keçiriləcək nüfuzlu beynəlxalq tədbirə dəvət olunublar. İnanırıq ki, qardaş ölkələr COP29 çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal əməkdaşlıq edəcək.