08 Sentyabr 2024

Fakt qarşısında aciz qaldılar

Ermənistan Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir: “Azərbaycan “İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarını qeydə alır. Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq.”

Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı olub. İddia ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, Azərbaycan tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. 22 fevralda açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini rədd edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib.

Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilməyib. Həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur.

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü digər məsələ isə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub. Bununla bağlı da mövqeyimiz bildirilib. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib. Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən Münxen Təhlükəsizlik Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli Bəyanatın məqsəd və məramlarına uyğun olaraq təmin edilməsi barədə təklif irəli sürülüb. İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq tərəfdaşlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və Ermənistan tərəfindən son 2 ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Ermənistan yenə üçtərəfli Bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır.

Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib. Xatırladaq ki, ötən ilin dekabrında İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyinə müvafiq nota göndərilib.

Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. 2022-ci ilin avqustunda Azərbaycan Laçın şəhəri, Zabux və Sus kəndlərinə tam nəzarəti bərpa etdi. Həmin ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş və Laçın yolu vasitəsilə gətirilmiş yeni minalar aşkarlandı. İlk dəfə olaraq 2022-ci ilin sentyabrında məhkəməyə müraciət edilib və bu ilin yanvarında 4-də vəsatət qaldırılıb.

Məhkəmədən istədiyimiz mina təhlükəsinin təhdid olaraq qalmasına dair qərar verməsidir. Bu, davam edən təhdid olduğuna görə, məhkəmə təcili qərar çıxarmalıdır. Eyni zamanda, məhkəmə dinləmələri zamanı maraqlı məqamlar ortaya çıxdı. Belə ki, Ermənistan xüsusən yeni minalarla bağlı ortaya qoyulan faktların heç birini təkzib edə bilmədi. Azərbaycan hətta bununla bağlı “Haykmek” adlı şirkətin adını təqdim edib. Bu şirkət Ermənistan hökuməti tərəfindən verilmiş lisenziya əsasında mina istehsalı ilə məşğul olur. Bundan öncə Ermənistan beynəlxalq təşkilatlarda verdiyi bəyanatlarda mina istehsal etmədiyini bildirirdi. Lakin Azərbaycan tərəfinin ortaya qoyduğu dəlillər bunu tam təkzib edib və dinləmələr zamanı qarşı tərəf faktiki olaraq bunu qəbul edib. İkinci mövqeyimiz minaların Azərbaycan ərazisinə necə gətirilməsi ilə bağlı idi. Təbii ki, Laçın yolu vasitəsi ilə gətirilmişdi. Bununla bağlı da Ermənistan tərəfindən məhkəməyə hansısa təkzib verilə bilməyib. Bu da o deməkdir ki, faktiki olaraq Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozub. Üçüncü məqam, eyni zamanda, minaların həmin ərazilərdə basdırılması ilə yanaşı, Sus və Zabux kəndlərindəki bir çox evlərdə, hansı ki, əvvəllər azərbaycanlılara məxsus olub, oralarda mina tələlərinin aşkar edilməsidir. Onların şəkilləri məhkəmədə nümayiş etdirilib. Aydın məsələdir ki, orada əvvəllər qanunsuz yaşamış adi mülki şəxslər bu mina tələlərini qura bilməzdi. Çünki bu, xüsusi hərbi bilik, səriştə tələb edən işdir. Təbii ki, bunlar erməni əsgərləri tərəfindən qurulub. Bu da ondan xəbər verir ki, bu mina tələlərinin məqsədi mülki şəxslərin həmin evlərə qayıtmasına mane olmaqdır.

Məhkəmənin vəsatətimizlə bağlı qərarı ondan ibarət oldu ki, qısa müddətdə təqdim olunan sübutlar tam təfsilatı ilə qiymətləndirilə bilmir. Bu faktlara mahiyyəti üzrə baxıldıqdan sonra qiymət veriləcək. Növbəti illər ərzində bu məsələ gündəmdə olacaq. Məhkəmə 2021-ci ilin dekabrında da eyni mövqedən çıxış etmişdi. Mina mövzusunda Beynəlxalq Ədalət Məhkəməsi sanki məsələdən bir az ehtiyatlanır. Azərbaycan mina mövzusunu bütün platformalarda qaldırmağa davam edəcək.

Həmçinin Azərbaycan tərəfi etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin məhkəmə tərəfindən rədd edilməsini alqışlayır. Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizm, habelə erməni sakinlərlə dialoq məsələsi barədə Ermənistanın iddialarına gəldikdə isə, Münxen danışıqlarında açıq-aydın qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi həmçinin Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına uyğun olaraq Azərbaycanın daxili işlərinə qarışmamalı və ərazi iddialarından əl çəkməlidir.