20 Aprel 2024

F-16-lar yenə Azərbaycana gəlsə…

Bizdən “o təyyarələr niyə gəlib, niyə oradadır?” soruşan həmin erməni dəstəkçiləri olan dövlətlər Ukraynaya milyardlarla silah göndərirlər

Bu gün Ukraynada müharibəsində 199-cu gündür. Doğrusu, daha bu mövzuda yeni nəsə yazmaq da çətindir. Hamı bu müharibə ilə bağlı həqiqətləri bilir…

Müharibənin 9-cu günündə Kiyev ətrafında mühasirə quran Rusiya o bölgədən çoxdan geri çəkilib, Luqans tam nəzarətə alınsa da, 3 aydan çıxdur ki, rus ordsusu Donets vilayətində irəli gedə bilmir. Rusiya indi tutduqları əraziləri, xüsusilə Xarkov vilayətini nəzarətində saxlamağa cəhd edir. Kupyansk və İzyumun kimin nəzarətində olması barədə son xəbərlər ziddiyyətlidir, Rusiya o istiqamətə yeni qüvvələr göndərirsə, demək vəziyyətləri yaxşı deyil.

ABŞ-ın uzaqvuran zenit-raket kompleksləri cəbhədə vəziyyəti əsaslı dəyişməyib, amma faktiki Rusiyanın irəli getməsini, yeni əraziləri işğal etməsini bloklayıb. Putin hələ bu silahlar yolda olanda deyirdi ki, cəhbədə xüsusi dəyişiklik olmayacaq. Amma belə görünür ki, hətta Putin belə yanılıb, Qərb silahları Rusiya ordusunun işğalı genişləndirmək planlarını dayandırıb. Dayandırmasaydı, Ukrayna ordusu güclərini toparlanıb əks-hücuma keçə bilməzdi.

Rusiyanın niyə məqsədinə(Donbası tam nəzarətə almaq) çatmadığnın da səbəbi aydındır. Ukraynanın hərbi baxımdan Rusiyanın dəngi olmadığını bu müharbəni planlaşdıran güclər yaxşı bilirdilər, necə deyərlər, iki güc təkbətək qalsaydılar, müharibə bu qədər sürməzdi. “Kiyev tezliklə rusun nəzarətinə keçəcək” deyənlər iki gücün davasına rəğmən belə düşünürdülər. Vaxtilə Şuşanın işğaldan azad olunması haqda danışanda indi azad şəhərdə konyak içən bəziləri “qulağınızın dibinizi görərsiz” yazırdılar. Çünki bilirdilər ki, Rusiya Ermənistanın arxasındadır. Rusiya çəkildi, 44 günə erməni ordusu mifi dağıldı, təkbətək savaşda Azərbaycan düşmənin belini qırdı. Ukrayna-Rusiya müharibəsində isə situasiya tam fərqli inkişaf etməkdədir.

Rusiyanın savaşda Kiyevlə təkbaşına qalacağına güvənib Ukraynaya qoşun yeritdiyini düşünmürəm, çünki bu vəziyyəti müharibə həddinə gətirənlərin kimə dəstək verəcəyi aydın idi. Amma görünür, Rusiya belə uzunmüddətli dəstəyi gözləməyib.

ABŞ və NATO Ukraynaya tarixdə müharibəyə qoşulmuş heç bir ölkəyə göstərmədiyi dəstəyi verir. Həm də müharibənin 199-cu günündə də. Ukraynanın ayaqda qalması, işğala müqavimət göstərməsi əslində, Qərb liderlərinə niyə lazımdır, bunu səbəbi indi məktəbli uşağa da aydındır. Ukrayna-Rusiya müharibəsi bu savaşın coğrafi adıdır. Ukrayna ərazisində Rusiya-ABŞ və müttəfiqlərinin müharibəsi davam edir…

BMT Təhlükəsizlik Şurasının sentyabrın 8-də baş tutan iclasında Rusiyanın nümayəndəsi Nebenzya deyib ki, Qərbdən Kiyevə silah tədarükü “yalnız Zelenski rejiminin əzabını uzada və bu rejimin şərəfsiz sonunu gecikdirə biləcək” deyə, o bildirib. Amma bu müharibədə Rusiya da olmazın çətinliklərlə üzləşib, elə Putin və onun generalları da eyni əzabı çəkməkdədirlər…

Belə bir hərbi dəstək bizə də olsaydı, indi tarixi torpaqlarımız olan İrəvanda oturmuşduq, Zəngəzur dəhlizdən keçib “İsa bulağı” restoranında kabab çəkirdik. Zelenski “Krımı geri alacağıq”, ordu komandanı Zalujnı “Moskvada tank sürəcəm” deyəndə, öz arxalarına görə belə danışmırdılar. Arxalarında duran güclərə görə belə danışırdılar. Türkiyə 44 günlük müharibədən əvvəl birgə təlimlər üçün gətirilmiş F-16-lar Azərbaycanda qalmışdı. Bütün dünya Azərbaycan rəhbərindən zəng edib soruşurdu ki, o təyyarələr niyə gəlib, niyə oradadır? Gözlərinə girirdi… Amma indi həmin erməni dəstəkçiləri olan dövlətlər Ukraynaya milyardlarla hər cür silah göndərirlər.

NATO-nun baş katibi Yens Stoltenberq son olaraq Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib ki, Ukrayna hərbi əməliyyatları dayandırarsa, “müstəqil dövlət kimi mövcudluğunu dayandıracaq”. O, Qərb ölkələrini Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. Bəyan edib ki, tərəfdaşlar Kiyevə silahla kömək etməlidirlər, hətta öz müdafiə imkanlarına ziyan vursunlar belə…

Kim-kimi udacaq, hətta 199 gün sonra demək də çətindir. Bir həqqət var ki, kim geri çəkilərsə, rüsvay olacaq. İndi Rusiya qışda Avropanın donmasına, öz əhalisini bu cür çətin sınaq qarşısında qoyan liderlərin “sınmasına” ümid edir və nə olsa belə, bu qışı Ukrayna çöllərindən çəkilməyəcək. ABŞ-ın vecinə deyil, inflyasiya da ona vız gələr, altda qalanın canı çıxsın. Altda qalan isə belə görünür ki, Avropa olacaq. Avropa liderləri belə hesab edirlər ki, müharibə Ukraynanın suverenliyinə hörmətlə bitməlidir. Rusiya isə Ukrayna daha 1991-ci il sərhədi daxilində olan ölkə olmayacağını deyir…

Nazim SABİROĞLU