23 Dekabr 2024

Fəaliyyətsiz partiyaların qeydiyyatı ləğv oluna bilər

Ədliyyə Nazirliyi adlar açıqladı; qurultay belə keçirməyən təşkilatlar var…

“Siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var”.

Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb: “Son bir il ərzində 7 partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Partiyalar ölkə başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Lakin təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.

Bəs Azərbaycan kimi elə də böyük olmayan dövlətdə 62 partiyaya ehtiyac varmı? Partiyaların sayının, yoxsa sanbalının yüksək olması daha məqbuldur?

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Ədliyyə Nazirliyi rəsmisinin bir çox partiyaların heç bir fəaliyyətinin olmadığını bildirməsi real vəziyyətin dilə gətirilməsidir. Heç bir fəaliyyəti olmayan partiyaların hesabına ölkədə siyasi partiyaların sayı gəlib 62-yə çatıb. Lakin saya yox, sanbala üstünlük verilməlidir. Heç bir fəaliyyəti illərlə müşahidə olmayan, varlığı ilə yoxluğu bilinməyən partiyaların qeydiyyatı ləğv olunmalıdır: “İllərlə heç bir fəaliyyəti olmayan, adı olub özü əslində olmayan partiyaların qeydiyyatının ləğvi ”Siyasi partiyalar haqqında” Qanunda əksini tapmalıdır. Azərbaycanda 62 partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydə alındığını Ədliyyə Nazirliyi rəsmisi açıqlayıb. Uzun illərdir qeydiyyatda olan partiyaların yarıdan çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. Onlar heç bir işlə məşğul deyillər. Bu baxımdan, dünyanın çox ölkələrində iki il belə “fəaliyyət” göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Partiyalar haqqında qanunda məhz bu məqamlar konkret şəkildə əksini tapmalıdır. Konkret müddət ərzində heç bir fəaliyyəti olmayan, heç bir seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı avtomatik olaraq qüvvədən düşmüş sayılmalıdır. Dövlət qeydiyyatından keçmiş 62 partiyanın yarıdan çoxunun adları belə cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər. Bu gün cəmi 10-12 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur. Əgər biz bu gün dövlət qeydiyyatında olan partiyalardan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin partiyaların təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli, yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”