Ətraf mühitin qorunmasına töhfə
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərkən Azərbaycan- İtaliya əlaqələrinin sürətli inkişafını qeyd edib. Cənab Prezident: İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı da İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir. Yəni, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İtaliya-Azərbaycan əlaqələri 30 ildən artıqdır ki, davam edir. Ötən dövrdə Azərbaycan və İtaliya arasında tarixi əhəmiyyətə malik əlaqələrin inkişafına töhfə verən addımlar:- Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb;- 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub;- Prezident Sercio Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb;- 2020-ci ilin 19-21 fevral tarixlərində Prezident İlham Əliyev İtaliyaya rəsmi səfərə gedib. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır;- 2020-ci ilin fevralında dövlət səfəri zamanı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar; – 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Prezident İlham Əliyev dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşüb, hər iki tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib;- İki ölkənin elmi-akademik çevrələri, ali təhsil ocaqları arasında mübadilələr də intensivliyi ilə seçilib. İtaliya dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır; – Son bir neçə il ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Pandemiyadan əvvəl Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. İtaliyada ənənəvi olaraq keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açıb. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərib;- Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığın əldə olunması idi. Həmin səfər çərçivəsində ADA Universiteti ilə İtaliyanın Luiss Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Keçən müddət ərzində İtaliya-Azərbaycan Universitetinin konseptual və strateji sənədləri hazırlanıb, tərəfdaş kimi Luiss Universiteti ilə yanaşı İtaliya və dünyanın digər aparıcı ali təhsil ocaqları olan Bolonya Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti və Roma Sapienza Universiteti müəyyən olunub. İtaliya-Azərbaycan Universitetində kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən mexanika, elektrik və nəqliyyat mühəndisliyi, memarlıq və dizayn, sosial elmlər, innovasiya və sahibkarlıq ixtisasları tədris olunacaq. Sonda qeyd etmək istəyirəm ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir.
Rəvanə Babayeva – Fəal gənc