“Ətraf mühitin keşiyində”-Göygöl rayonunda region gənclərinin iştitakı ilə ekocamp təşkil edilmişdir
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp layihəsini həyata keçirir. Layihənin əsas məqsədini ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir.
Layihə çərçivəsində Beyləqan, Füzuli və Tərtər rayonlarından olan 21 gəncin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonunda 23-24-25 fevral 2024- cü ildə düşərgə həyata keçirilib.
Açılış tədbirini ictimai birliyin sədri, layihə rəhbəri Zaur Quliyev açaraq, düşərgənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərin qış tətilini səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı duyarlılığını və məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdən ibarət olduğunu bildirib.
Göygöl rayon Gənclər və İdman sektorunun müdiri Zaur Novruzov həyata keçirilən düşərgənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mühüm əhəmiyyətini qeyd etməklə düşərgə iştirakçılarına uğurlar arzu edib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl üzrə nümayəndəsi Raul Abbaszadə belə düşərgələrin keçirilməsinin gənclərin ekoloji biliklərinin artırılması ilə bərabər, COP-29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyimiz zamanda əməkdaşlığın qurulması və şəbəkələşmə baxımından da gənclərin inkişafında müsbət rol oynayacağını qeyd edib.
Bildirilib ki, düşərgə ərzində nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız təmiz ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaqdır.
Düşərgə üzrə ekspert, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov biomüxtəliflik, Azərbaycanın təbiətini kəşf edək, ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti, tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahətin təşviqi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti və ətraf mühitin qorunması region gənclərinin gələcək fəaliyyətləri ilə bağlı təqdimatlar etmiş, maraqlı müzakirələr, qrup işləri, aparılıb.
Düşərgə iştirakçıları müxtəlif maarifləndirici sessiyalarda iştirakla bərabər Göygöl Olimpiya İdman Kompleksinin imkanlarından yararlanmaq və idman yarışlarının təşkili fürsəti əldə etmiş, Göygöl rayonu ərazisində alman izlərini əks etdirən tarixi abidələrə, muzeylərə səfər, Hacıkənd qəsəbəsinə meşə və dağ massivinə ekotur, intellektual-əyləncəli müsabiqələr, musiqi, maraqlı fikir mübadilələri ilə yaddaqalan anlar keçiriblər
Qeyd edək ki, həyata keçirilən fəaliyyətlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dəstək xarakteri də daşıyır.
İctimaiyyətlə əlaqələr departamenti