12 Mart 2025

Etibarlı əməkdaşlığın real nəticəsi

Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Belə ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri xalqları və dövlətləri daha da yaxınlaşdırır, eyni zamanda, onların uzunmüddətli iqtisadi inkişafını təmin edir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan, ölkəmizin etibarlı enerji icraçısı olduğunu təsdiqləyən qlobal layihələrin reallaşması yeni əməkdaşlıq formatlarının yaradılmasını təmin edir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün artıq qaz ixracatçısına çevrilib. Azərbaycan qazı ölkəmizlə əməkdaşlıqda maraqlı olan qitə dövlətləri ilə bağlanılan uzunmüddətli müqavilələr əsasında satılır və öhdəliklər 100 faiz yerinə yetirilir.

Bu günümüzün əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin dekabrın 10-da Serbiyaya işgüzar səfəri çərçivəsində Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakıdır. Ölkə Prezidenti öncə Azərbaycan-Serbiya, Azərbaycan-Bolqarıstan münasibətlərindən geniş bəhs edərək prezidentlər arasında dostluq münasibətlərinin ölkələrin əlaqələrinin inkişafında rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycan hər iki dövlətlə strateji tərəfdaşdır və bunu sözdə, sənəddə və əməldə nümayiş etdiririk. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Təbii ki, interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlayıb. Dövlət başçısı İlham Əliyev bu rəqəmləri də açıqladı ki, 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il bu rəqəm 500 milyon kubmetrdən bir qədər çox olmuş, bu il isə 1 milyard kubmetrə yaxın olacaq.

“Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcək.

Cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də ölkəmizin əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyi xüsusi qeyd edilmişdir.  Belə ki, dövlət başçısı “Siz regionunuzda nəyi müşahidə edirsiniz – rəqabət, yoxsa əməkdaşlıq” sualına cavabında bildirmişdir ki, hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük: “Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki – Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır… Bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib.”

Hər zaman Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan böyük əminliklə bəhs edən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd edir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.  Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasından öncə söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir. Azərbaycana inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişliyindən aydın görünür. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Bu əminlik də ifadə edilir ki, yaxın zamanlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək. Azərbaycanın enerji sektorunda qazandığı davamlı uğurlar əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına xidmət edən layihələrin gündəmə gətirilməsini şərtləndirir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri