09 Dekabr 2022

Etibar Hacıyev: Zəngin və şərəfli inkişaf yolu keçən partiya

“Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.” Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına inamı və etimadı 30 illik uğurlu fəaliyyətində əhəmiyyətli rol oynadı. Ümummilli Lider  xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının  müraciətinə cavabında da belə bir  inamı ifadə etmişdir ki,  müstəqil  Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn  Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyası məhz bu istək əsasında yaradılaraq zəngin və şərəfli yol keçdi. Dünənin, bu günün partiyası kimi  gələcəyə böyük inamla addımlayan YAP sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Müxtəlif kateqoriyalardan olan insanların partiyada birləşməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillər sırasındadır. Partiya yarandığı gündən qəbul etdiyi Nizamnaməyə və Proqrama uyğun olaraq müəyyənləşdirdiyi hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdi. Azərbaycanın 1993-2003-cü illərdə keçdiyi yolun uğurları hər birimizə məlumdur. Ölkəmiz elə bir sahə olmadı ki, təcrübəsi ilə nümunə olmasın. YAP ölkəmizin həyatında fəal iştirakı ilə yanaşı, zəngin təcrübəsi ilə də diqqətdədir.

2003-cü ildən partiyanın həyatında yeni dövr başladı. Belə ki, Ümummilli Liderin xalqa tarixi müraciəti, bu müraciət əsasında xalqın böyük əksəriyyətinin həmin il keçirilən prezident seçkilərində cənab İlham Əliyevi, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi con 19 ilin uğurlarının əsası oldu. Artıq iki ildir tarixi hadisələri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələri,  bayramları Zəfər ruhunda qeyd edirik. Bu tarixi Zəfəri xalqımıza  yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

YAP 30 illik yubileyini Zəfər ab-havasında qeyd edir. Partiya ötən il bu sevinclə VII qurultayını keçirdi. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi  bu Qələbəni təmin etdi. Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri