25 Aprel 2024

Estoniya, Polşa və Almaniyada Azərbaycan icmaları ilə görüş keçirilib – FOTO

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Estoniya, Polşa və Almaniyada Azərbaycan icmaları ilə görüş keçirilib.

Estoniyanın Azərbaycan icması ilə görüş Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Evində baş tutub. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öncə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələrini, eləcə də “Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir” fikrini xatırladan sədr bildirib ki, xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunmasına, Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitə hər zaman dəstək verməyə hazırdır.

Estoniyadakı Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirən və onu dünyadakı fəal icmalardan biri adlandıran Komitə sədri bu fikrini soydaşlarımızın keyfiyyət göstəriciləri, yerli cəmiyyətə sürətli inteqrasiyası ilə əsaslandırıb. Qeyd edib ki, soydaşlarımızın Azərbaycan və Estoniyanın milli maraqlarına və mənafelərinə uyğun hərəkət etməsi olduqca təqdirəlayiqdir.

Ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov Azərbaycan icması ilə birgə fəaliyyətin əhəmiyyətindən və faydasından danışıb, soydaşlarımızın fəallığını, son illər Azərbaycan diasporunun təşkilatlanması istiqamətində atılan addımları, o cümlədən Koordinasiya şuralarının yaradılmasını müsbət qiymətləndirib.

Tədbir komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabatın, maarifləndirici video-çarxların təqdim olunması ilə davam edib. Təqdimat zamanı Komitə sədri soydaşlarımızın diqqətini görülən işlərin mahiyyətinə və nəticələrinə cəlb edib. Nəzərə çatdırıb ki, Koordinasiya şuralarının və Azərbaycan evlərinin yaradılması Azərbaycan icmalarının yüksək səviyyədə fəaliyyət göstərməsi və bu fəaliyyətin mərkəzləşdirilməsi məqsədlərinə xidmət edir.

Görüşün sonunda diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallığı, möhkəm birlik mexanizmləri, diaspor hərəkatının hədəfləri və s. mövzularda icma üzvlərinin fikir mübadiləsi aparılıb.

Çıxış edənlər diasporun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Azərbaycanın dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Polşanın paytaxtı Varşava şəhərində keçirilən Azərbaycan icması ilə görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və bu ölkənin 5 böyük şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının üzvləri iştirak ediblər.

Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Komitə sədri 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladaraq, xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması, Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Pandemiya və Vətən müharibəsi kimi çətin zamanlarda komitənin diasporla uğurlu işbirliyindən söz açıb, ümumi məqsədlərə nail olmaq üçün xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib, Koordinasiya şuralarının və Azərbaycan evlərinin çoxşaxəli fəaliyyətinə diqqət cəlb edib.

Daha sonra komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici video-çarxlar təqdim olunub.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan icmasının Vətən müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü ərəfəsində bir yerə toplaşmasının birlik və həmrəyliyimizin sarsılmazlığını göstərdiyini, belə görüşlərin xaricdəki azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsinə töhfə olduğunu bildirib.

Şərqi Avropada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Polşa üzrə əlaqələndiricisi Fərid Cəfərov Polşa Azərbaycanlıları Şurasının və Varşava Azərbaycan Evinin fəaliyyətləri barədə məlumat verib. Daha sonra şuranın hesabatı təqdim olunub.

Müzakirələr zamanı Polşadakı Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyası, elm, təhsil və sosial sahələrdə uğurlar qazanması təqdirəlayiq hal kimi qiymətləndirilib. Görüş icma üzvlərinin diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallığı, möhkəm birlik mexanizmləri, diaspor hərəkatının hədəfləri və s. mövzularda qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın işğaldan qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı müstəqil dövlətimizin möhtəşəm bayramı münasibətilə təbrik edib, iki il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin əldə etdiyi parlaq Zəfərin xalqımıza, dünya azərbaycanlılarına və türk dünyasına böyük sevinc bəxş etdiyini bildirib. Müharibə və post-müharibə dövründə dünya azərbaycanlılarının birlik və həmrəylik nümayiş etdirdiyini xatırladan Komitə sədri hazırda 8 Noyabr – Zəfər Gününün bütün dünyada qürurla və böyük sevinclə bayram edildiyini vurğulayıb. Qeyd olunub ki, bu gün dünyanın 13 ölkəsində 19 Azərbaycan Evi fəaliyyət göstərir.

Azərbaycan Dağ Yəhudiləri icmasının təqdimatının da keçirildiyi tədbirdə Münhen Azərbaycan Evinin rəhbəri Səttar Kərimov, diaspor fəalı Səbinə Məktubmirzə, Münhendə Qafqaz Dağ Yəhudiləri Birliyinin sədri Firuzə Yuşvayeva, Münhen xəstəxanasının Radiologiya və Neyroradiologiya klinikasının direktoru Anastasios Mpotsaris çıxış ediblər. Onlar bayram münasibətilə Azərbaycan icmasını təbrik ediblər. Zəfər Günü ilə bağlı keçirdikləri qürur hissindən, alman və Azərbaycan xalqlarının dostluğunun daha da möhkəmləndirilməsindən, Azərbaycana olan xoş münasibətdən danışıblar.

Azərbaycan həqiqətlərinin Almaniyada təbliğ olunmasında və diaspor fəaliyyətində fəal iştiraklarına görə gənc soydaşlarımıza Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim edilib.

Tədbirin bədii hissəsində Ülviyyə Abdullayevanın ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri təqdim edilib.