29 Mart 2024

Əslən azərbaycanlı prodüser Rusiyada məşhur kinostudiyanın sahibi oldu – FOTO

Rusiyalı rejissor və prodüser Timur Bekmambetov bədii filmlər və reklam çarxları istehsal edən məşhur “Bazelevs” kinostudiyasını satıb. Studiyanın yeni sahibləri baş prodüser Lalə Rüstəmova və kommersiya direktoru Timur Əsədov olub.

Bekmambetovun nümayəndəsi satışı təsdiqləyib.

Lalə Rüstəmovanın sözlərinə görə, sövdələşmə kommersiya xarakteri daşıyır və bazar şərtləri əsasında tamamlanıb. 

“Kinostudiyanın yaradıcısı Bekmambetov Rusiya biznesini tamamilə tərk edib, indi studiya onunla muzdlu rejissor və “Xoca Nəsrəddin” cizgi filminin ssenari müəllifi kimi işləyir”, – deyə L.Rüstəmova əlavə edib.

Onun sözlərinə görə, Rusiyadakı “Bazelevs” ilk növbədə daxili və MDB ölkələrinin kino bazarına diqqət yetirəcək.

“Biz “Xoca Nəsrəddin” layihəsi üzrə Azərbaycan, Özbəkistan və Qazaxıstanla bir neçə istehsal müqaviləsi imzalamışıq, Tacikistan və Qırğızıstanla danışıqlar aparılır”, – deyə kinostudiyanın həmtəsisçisi vurğulayıb.

Bununla belə, o, “Bazelevs”in həmçinin Türkiyə də daxil olmaqla xarici bazarlarda biznesini inkişaf etdirməyi planlaşdırır.

“Biz artıq türk istehsalçıları ilə birgə bir neçə layihəyə başlamışıq. Biri animasiya, bir neçəsi bədii filmdir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Lalə Rüstəmova əslən azərbaycanlıdır.

“Mən Moskvada doğulub böyümüşəm. Ancaq Azərbaycan – atamın doğulduğu yerdir. Bir neçə dəfə ora birlikdə getmişik”, – deyə Rüstəmova müsahibələrinin birində deyib.

Mənbə: RBK