14 Noyabr 2025

Əsas prinsip sosial ədalət prinsipidir

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıların qəbulu zamanı çıxışı barədə.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin infrastruktur siması tam dəyişib. Bütün bölgələrdə elektrik enerjisi təchizatı, yollar, su layihələri və sosial obyektlər yüksək səviyyədə yenilənib. Dövlət başçısının sözləri ilə desək, “Azərbaycanın bölgələrində bu gün hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir, kənd yollarının 80 faizi təmirlidir”.

Bu faktlar Prezidentin uzun illər ərzində həyata keçirdiyi dayanıqlı regional siyasətin konkret nəticələridir. O, təkcə paytaxtın deyil, ucqar kəndlərin də inkişafını dövlət siyasətinin mərkəzinə gətirib.

Prezident İlham Əliyev ekologiya məsələlərinə də toxundu. O, Bakının və Sumqayıtın “ekoloji fəlakət zonası” statusundan çıxarılaraq parklar şəhərinə çevrildiyini qeyd etdi. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu siyasətin simvoluna çevrildi. Dövlət başçısı bölgələrdə də qanunsuz fəaliyyətin qarşısının alınması, təbiətin qorunması istiqamətində sərt tədbirlərin görüləcəyini bildirdi.

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha göstərdi ki, Azərbaycan dövlət idarəçiliyi sistemində şəffaflıq, ədalət və xalqla birbaşa təmas əsas hədəflər olaraq qalır. İlham Əliyev həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan ölkənin inkişafını koordinasiya edən lider kimi çıxış edir.

Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı