23 Dekabr 2024

Ermənistanın növbəti avantürası

Ermənistan havadarlarının dəstəyinə arxalanaraq beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq, yalanlarına həqiqət donu geyindirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi və qurum dərhal müraciətə münasibət bildirərək müzakirələr apardı. İşğalçı dövlət müzakirələrin aparılmasına nail olub hansısa qərarın qəbul ediləcəyini düşünsə də görünür dəfələrlə Azərbaycan tərəfindən aldığı ədalət, hüquq dərslərindən nəticə çıxarmayıb. Müzakirələrin nəticələri bunu bir daha təsdiqlədi. Belə ki, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilən bu müzakirədə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi, Ağdam yolunun açılması vacib sayıldı, ölkəmizin yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi. Bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll edilməlidir.

Müzakirədə təsdiqləndi ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.

İşğalçı dövlətin bugünkü addımları 30 illik işğal dövrünü yada salmağı bir tələb kimi qarşımıza qoyur. Təbii ki, tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün qarşı tərəfə sülh təklifini etsə də nə işğal dövrünün faciələrini, nə 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarını, nə də Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, soydaşlarımızın torpaq həsrətinə son qoymaq üçün canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarını unuduruq və heç zaman unutmayacağıq. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadı, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.

Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Azərbaycan hər zaman real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatını uğurla davam etdirir. Ədalətin və beynəlxalq hüququn yanında olduğu üçün bu istiqamətdə uğurları davamlıdır. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti Azərbaycan dövlətini narahat etmədi. Bu baxımdan ki, ölkəmizin atdığı hər bir addım beynəlxalq hüquqa əsaslanır. Digər tərəfdən dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayan bir qurumun işğalçı dövlətin heç bir əsasa söykənməyən müraciəti əsasında hansısa bir qərarı qəbul etməsi onun nüfuzuna xələl gətirən bir addım olar. 27 il Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Rəsmi Bakı ən yüksək tribunalardan bu reallığı bəyan edir ki, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, bizə gəldikdə isə 27 il gözlədik. Bu, ikili standartlara əsaslanan siyasətdir. Bu, yolverilməzdir. Bütün dövrlər üçün əsas olan bu çağırış bu gün də əsas tələb kimi qarşıda dayanıb- BMT qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Bununla bərabər hazırda BMT sisteminin təkmilləşdirilməsinə, tərkibinin genişləndirilməsinə çağırışlar edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrə dair bəyanatında bildirmişdir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri