22 Dekabr 2024

Ermənistana silah satanlar Cənubi Qafqazda gərginlik yaratmaq istəyir- ŞƏRH

Xəbər verdiyimiz kimi, Fransanın artilleriya və raketlərinin İran vasitəsilə Ermənistana çatdırıldığı barədə məlumat yayılıb.

Caliber.Az-ın redaksiyasına daxil olan təsdiqlənmiş diplomatik və hərbi mənbələrə əsasən, son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Məlumata görə, SEZAR özüyeriyən artilleriya qurğuları Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilib. Daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə – Ermənistana çatdırıb. Caliber.Az redaktorlarının əldə etdiyi faktlar göstərir ki, hazırda Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi çatdırılıb.

Miqyası daha yaxşı anlamaq üçün qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.

Mövzunu hərbi ekspert Səxavət Məmmədlə müzakirə etdik.

Jurnalistə niyə ordudan yazmaq olmaz? – Səxavət Məmməd “Çətin sual”  qarşısında

Musavat.com-a açıqlamasında ekspert xatırlatdı ki, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu canlı qüvvə ilə yanaşı, çox sayda silah, texnika itirdi. Müharibənin siyasi nəticələrinə diqqət çəkən ekspert qeyd etdi ki, müharibədən sonra Rusiya Ermənistan münasibətləri həm siyasi, həm də hərbi baxımdan korlandı: “Belə olduğu təqdirdə Rusiyanın yerini tutmaq istəyən ABŞ və Fransa hərəkətə keçdi. Ermənistan hakimiyyəti onsuz da Qərbin layihəsi hesab edilirdi. Müharibədən sonra Qərb Ermənistanda daha da aktivləşdi. Ermənistan ordusu həm itirilmiş texnikaların yerini doldurmalı, həm də müdafiə qabiliyyətini artırmalı idi. Fransa belə olan təqdirdə Ermənistan bazarına girmiş oldu. Fransa Ermənistana radarlar, hava hücumundan müdafiə vasitələri, zirehli texnikalar, gecəgörmə cihazları, 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları, tank əleyhinə raket kompleksləri və hava raketləri satdı. Ermənistan tərəfi də rəsmi olaraq bəyan etdi ki, Rusiyadan silah alışını 90 faizdən 10 faizə endirib. Bağlanan müqavilələrə əsasən Ermənistan Fransadan aldığı silahları qəbul etməyə başlayıb. Proqnozlaşdırılırdı ki, Ermənistan müharibədən sonra 5-7 ilə itirilmiş texnika və silahların yerini doldura bilər. Ancaq görünən odur ki, Ermənistan tərəfi bunu daha qısa zamanda etməyi bacarır. Burada təbii ki, Ermənistanın havadarları da böyük rol oynayır”.

S.Məmmədin fikrincə, Ermənistanın bu silahlanması müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulsa da, buna müharibəyə hazırlıq kimi də baxmaq olar: “İddia olunur ki, gələcəkdə Cənubi Qafqazda yenidən müharibə ola bilər. Cənubi Qafqaz uğrunda ABŞ ilə Rusiyanın toqquşması Azərbaycan və Ermənistanın sahədə üz-üzə gəlmə ehtimalını artırır. Qərb belə bir hal yaşanarsa, Ermənistanın ən azı özünü müdafiə edə bilməsinə çalışır. Hesab edirəm ki, bütün atılan addımlar buna hesablanıb. Ermənistanın aldığı silahlar Azərbaycan tərəfini düşündürməlidir. Çünki bu silahlar nəslinin ən keyfiyyətliləri sayılır. Azərbaycan tərəfi də adekvat addımlar atır. Ermənistanın silahlanmasına cavab olaraq lazımı silahların alışını həyata keçirir. Ermənistanın silahlanması regionda silahlanma yarışını qızışdırır. Bu isə digər layihələrin həyata keçirilməsinə mane olur. Yaxın zamanda onsuz da gərgin olan vəziyyətin bir qədər də gərginləşəcəyinin şahidi olacağıq. Proseslərin aktiv döyüşlərə keçmə ehtimalı isə Azərbaycan və Ermənistandan yox, Rusiya və ABŞ-dən asılı olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com