19 Aprel 2024

“Ermənistan sülh prosesində öz üzərinə düşən məsuliyyətini dərindən dərk etməlidir”

“Sevindirici haldır ki, Brüsseldə son zamanlar üçtərəfli görüşlərdə Qarabağ məsələsi ilə bağlı uğurlu nəticələr əldə edilir. Bu, postmüharibə mərhələsində sülhə doğru atılan mühüm addımlardır. Bununla sülh prosesində əhəmiyyətli dönüş yaranıb”. Bu haqda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli  saytımıza açıqlama verib.  O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin  qətiyyəti nəticəsində baş verib: “Ölkə başçısının dediyi kimi, Azərbaycan üçün Qarabağ münaqişəsi bitib. Ermənistan məğlub olmasına baxmayaraq sülh danışıqlarından qaçırdı. Lakin cənab Prezidentin siyasi-diplomatik iradəsi nəticəsində qarşı tərəf masaya oturmağa məcbur oldu. Bürüssel danışıqları bunun bariz nümunəsidir. Baxmayaraq ki, 10 noyabr bəyannaməsindən sonra Ermənistan Qarabağda təxribatlar törətdi, sülhə mane olacaq addımlar atdı. Hətta özünə yeni havadarlar tapmağa çalışdı. Lakin Brüssel formatında keçirilən son görüşdə bir daha  aydın oldu ki, Ermənistanın bu addımları faydasızdır. Və bu ölkə bir daha Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevinin gücünün və siyasi iradəsinin şahid oldu. Çünki haqq, ədalət də Azərbaycanın tərəfindədir. Bunu beynəlxalq hüquq da təsdiqləyir. Bu gün önəmli olan sülh prosesini aktivləşdirməkdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli də bəyanatında bildirib ki, Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Belə olan halda Ermənistan sülh prosesində öz üzərinə düşən məsuliyyətini dərindən dərk etməlidir”.