22 Dekabr 2024

Erməni terrorçu 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırdıqlarını etiraf edib

Erməni terrorçuları Xocalı soyqırımı qurbanlarından 200 mülki şəxsin meyitini Əsgəran qalası ətrafında basdırıblar.

Musavat.com-un xəbərinə görə, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Bildirilib ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.