26 Dekabr 2024

Erməni faşizminə qurulan tarixi məhkəmə – əsrin “Nürnberq prosesi” yaxınlaşır

Bəhruz Məhərrəmov: “Hərbi cinayətkarların mühakimə prosesi ədalətin təntənəsi kimi tarixə düşəcək”

Xəbər verdiyimiz kimi, Azərbaycanın baş prokuroru Kamran Əliyev Qarabağdakı separatçı rejimin cinayətkar hərbi-siyasi liderlərinə qarşı ibtidai istintaqın başa çatdığını açıqlayıb. Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan baş prokuror bu barədə News.ru-ya açıqlamasında onu da bildirib ki, yaxın vaxtlarda işlər məhkəməyə veriləcək.

Bəs məhkəmə açıq, yoxsa qapalı keçiriləcək? Xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edə biləcəkmi? Hansı halda məhkəmənin qapalı keçirilməsinə qərar verilə bilər? Məhkəməyə böyük maraq olarsa, daha böyük zalda (başqa ünvanda) keçirilməsi mümkünmü? Nəhayət, məhkəmə ərəfəsi Azərbaycana hansısa təzyiqlər ola bilərmi?  

İcazəsiz video və səs yayanlara sərt cəza gəlir - hüquqşünas rəyi »  www.Bia.Az

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, separatçıların Azərbaycan tərəfindən həbs edilməsi, mühakimə edilməsi tam qanunidir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və qanunlara tam uyğundur:

“Bu gün Ermənistanın özündə belə separatçıların həbsini və mühakimə olunmasını düzgün addım kimi qiymətləndirənlər çoxluqdadır. Ermənistan cəmiyyətinin əksəriyyəti başa düşür ki, Azərbaycan antiterror əməliyyatı keçirib bu hərbi cinayətkar dəstəsini həbs etməklə həm də onların canını qurtarmış oldu.  Separatçılar Ermənistan üçün də təhlükə mənbəyi idi. Ermənistana keçsəydilər, bu gün orada xaos hökm sürürdü, Ermənistan qarışmışdı. Bu baxımdan ermənilər Qarabağda toplaşmış separatçıların qandallanmasına və məsuliyyətə cəlb olunmasına görə Azərbaycana təşəkkür etməlidirlər. Bu gün Ermənistanda küçələrdə, meydanlarda hakimiyyətə meydan oxuyan, mitinqlər keçirən, hətta Paşinyanı aradan götürmək çağırışları edən başıpozuq dəstənin sıralarında Qarabağdan qaçmış cinayətkar separatçılar ön sıralarda gözə çarpır. Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və Bakıda istintaq təcridxanasında saxlanan digər qatil ermənilər əgər həbs olunmasaydılar, bu gün İrəvəndakı mitinqlərin əsas təşkilatçıları sırasında yer alacaqdılar.

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov isə deyib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfəri zamanı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Xocalıda, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda əli azərbaycanlıların qanına batmış bütün canilər Azərbaycan ədalət mühakiməsinə təhvil veriləcək və onlar əməllərinə müvafiq olaraq ən sərt şəkildə cəzalanacaqlar.

Deputat deyib ki, Azərbaycan hərbi cinayətlərə hüquqi qiymətin verildiyini bir daha sübut edir:

“Böyük Zəfərimizdən və möhtərəm Prezidentin bəyanatlarından 3 il keçməmiş antiterror tədbirlərindəki qələbəsindən sonra Azərbaycan əli soydaşlarımızın qanına batmış separatçı rejimin ”lider”lərini yaxalayaraq aidiyyəti cinayət təqibi orqanlarına təhvil verməklə bu regionda heç bir cinayətin, o cümlədən hərbi cinayətlərin cəzasız qalmayacağını dünyaya göstərmiş oldu. Ötən dövr ərzində əsaslı şübhələrə istinad edərək saxlanılıb aidiyyəti orqanlara təhvil verilən separatçıların “lider”lərinin özlərinin etirafları və cinayətin əlamətlərini əks etdirən əməlləri törətmələrinə dair çoxsaylı təkzibedilməz dəlillərin olmasına baxmayaraq Azərbaycan Respublikasının cinayət təqibi orqanları bir daha həmin əməllərin cinayət olub-olmadığı, həmin şəxslərin isə törədilmiş əməllərə aidiyyətinin olub-olmadığını tam hərtərəfli araşdıraraq konkret qənaətlərə gəlmişlər. O cümlədən də Vardanyanla bağlı ibtidai istintaq yekunlaşaraq araşdırmalara məhkəmə istintaqı çərçivəsində davam ediləcək”.

Bəhruz Məhərrəmov xüsusilə qeyd edib ki, hərbi cinayətkarların mühakimə prosesi ədalətin təntənəsi kimi tarixə düşəcək:

“Azərbaycan Respublikası insan hüquqları anlayışına universal meyar kimi yanaşır və kimliyindən asılı olmayaraq hər kəsə münasibətdə cinayət təqibi bərabər əsaslarla və ayrı-seçkiliyə yol verilmədən, qanunçuluq rəhbər tutulmaqla ədalətli formada həyata keçirilir. Bu mənada, separatçıların mühakiməsi Azərbaycan Respublikasının qüdrətinin, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə münasibətdə dövlət başçımızın barışmaz qətiyyətinin, habelə bütövlükdə regionda sülhə, sabitliyə, təhlükəsizliyə təhdid yaradan ünsürlərlə mübarizədə ölkəmizin mövqeyinin inikası olmaqla bərabər, həm də hüququn, ədalətin təntənəsi kimi tarixə düşəcək”.

Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com