23 Dekabr 2024

Ermənistanı yenidən silahlandıran dövlət sərt reaksiya ilə üzləşə bilər: Rəsmi Bakı regionda geopolitik şərtləri dəyişmək gücündədir

Ermənistanın hərbi müttəfiqləri Azərbaycan ilə gələcək münasibətlərini də mütləq nəzərə almağa məcburdur; Azərbaycanın milli təhlükəsizlik maraqlarını təhdid edən davranışlar rəsmi Bakı ilə qarşılıqlı münasibətlərə təsirsiz ötüşə bilməz…

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində küncə sıxışdırılmış vəziyyətdədir. Hansı tərəfə çevrilsə, istefa tələbləri ilə qarşılaşır. Və bu durum onun gələcək siyasi karyerasını böyük təhlükə altına salmaqdadır.

Əlbəttə ki, bütün bunlar boşuna baş vermir. Belə ki, baş nazir Nikol Paşinyanın hakimiyyəti dönəmində Ermənistan savaşda Azərbaycana məğlub olub. 30 illik hərbi üstünlüyünü və bu müddət ərzində işğal altında saxladığı əraziləri itirib. Ermənistan ordusu darmadağın edildiyindən revanş alıb, əvvəlki vəziyyəti yenidən bərpa etmək imkanları isə mövcud deyil.

Ancaq baş nazir Nikol Paşinyanın düşdüyü indiki situasiyanı yalnız hərbi məğlubiyyətlə izah etmək doğru olmazdı. Hər halda, o, son 4 ay ərzində revanşist müxalifətin bütün istefa təzyiqlərini zəiflədib, hakimiyyətini qoruya bilmişdi. Hərbi məğlubiyyətin məsuliyyətini özündən əvvəlki hakimiyyətin təmsilçiləri ilə bölüşməyə nail olmuşdu. Hətta tədricən siyasi proseslərə nəzarəti bərpa etmək imkanları da qazanmağa başlamışdı.

Ancaq sonradan kimsənin gözləmədiyi halda, baş nazir N.Paşinyan olduqca ciddi səhvə yol verdi. Belə ki, Rusiyadan alınmış “İsgəndər” raketlərinin partlamadığını bəyan etdi. Və hər şey yenidən onun əleyhinə çevrildi.

iskender-424554837.jpg (104 KB)

Təbii ki, o, belə bir yolverilməz açıqlamanın mümkün nəticələrini təxmin etməyə bilməzdi. Hər halda, “İsgəndər partlamır” iddiasının ilk növbədə Rusiyanın hərbi-kommersiya maraqlarını “döyəclədiyini” anlamaq çətin deyil. Və bu reallıq erməni baş nazirin Qərbdən gələn sifarişi yerinə yetirməsi ilə bağlı ehtimalları hələ də gündəmdə saxlayır.

Bununla belə, bir çox önəmli məsələlərdə məhz Kremldən birbaşa asılı olan zəif bir dövlətin baş nazirinin Rusiya ilə uzun müddət israrla çəkişməsi ağılsızlıq olardı. Onu hətta “İsgəndər partlamır” açıqlamasından dərhal sonra hərbi çevriliş mesajı verən qiyamçı generalitetə qarşı həvəslə dəstəkləyən ABŞ və Qərb də uzun müddət qoruya bilməzdi. Hər halda, Ermənistan da, bu ölkədəki “siyasi tamaşa”nın bütün iştirakçıları da Rusiyanın ovcundadır.

Deməli, geri çəkilmək məcburiyyəti qaçılmaz xarakter daşıyırdı. Elə N.Paşinyan da tam sürətlə geri çəkildi. Rusiyanın hərbi-kommersiya maraqlarına problem yaradan açıqlamasından imtina etdi. Və bu, onun ölkədaxili təzyiqləri zəiflədə biləcək ən önəmli manevri sayıla bilər.

Deyəsən, Rusiya da erməni baş nazirin özünü təkzib etməsindən məmnun qalıb. Hər halda, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bunu qətiyyən gizlətmir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” məsələsində ona səhv məlumatın çatdırılması qənaətinə gəlməsindən məmnunuq”.

pes-put-6782953144.jpg (29 KB)

Təbii ki, bu, Kremlin N.Paşinyana Rusiyanın hərbi-kommersiya maraqlarına zərbə vuran açıqlamasını geri oxuda bilməsi anlamına gəlir. Belə anlaşılır ki, Kreml Rusiya silahlarının reputasiyasını bərpa etmək istiqamətində müəyyən nəticəyə nail ola bilib. Və bu, Rusiyanı erməni baş nazirə qarşı qəzəbini nisbətən soyuda da bilər.

Onu da qeyd edək ki, “İsgəndər qalmaqalı”nda Azərbaycan da dolayısı ilə Rusiyaya dəstək vermiş oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarında Ermənistana yönəlik qınaq notları sezilməmiş deyil. Və bu qınaq notları isə məhz erməni baş nazirin “İsgəndər partlamır” açıqlaması ilə təxminən eyni vaxta təsadüf edir.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi İrəvanı savaşda üzləşdiyi hərbi itkiləri gizlətməkdə suçlayıb: “İkinci Qarabağ müharibəsi ilə bağlı müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilib. Bizim isə 3 minə yaxın şəhidimiz olub”.

Azərbaycan lideri rəsmi İrəvanı müxtəlif bəhanələrlə savaş məğlubiyyətinin siyasi məsuliyyətindən yayınmaq cəhdlərində də qınayıb: “Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən daha asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar”.

yumruq-004.jpg (850 KB)

Təbii ki, bu açıqlamada rəsmi İrəvana qarşı qınaq ilə yanaşı, Ermənistanı silahlandıranlara etiraz da var. Çünki, Ermənistan belə intensiv şəkildə silahlandırılıb, himayə edilməyəcəyi təqdirdə, Azərbaycanın qarşısında 30 il duruş gətirə bilməzdi. Və bu, rəsmi Bakını əslində, elə indi də ciddi şəkildə narahat edən əsas mövzular sırasındadır.

Maraqlıdır ki, rəsmi Bakının bu narahatlığı Prezident İlham Əliyevin Ermənistana və onun müttəfiqlərinə qarşı sərt açıqlamasından da sezilir. Belə ki, həmin açıqlamada Ermənistanı yenidən gücləndirmək cəhdlərinə açıq etirazlar yer alır: “Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq, modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar”.

Göründüyü kimi, rəsmi Bakı regionda, o cümlədən, Ermənistanda baş verənləri böyük həssaslıqla müşahidə edir və nəzarətdə saxlamağa çalışır. Kənar müdaxilə ilə regionda qüvvələr nisbətini süni şəkildə dəyişmək cəhdlərinə seyirçi qalmayacağını da qətiyyən gizlətmir. Yəni sərt reaksiya verməkdən çəkinməyəcəyini qabardır.

Onu da qeyd edək ki, Rusiyanın Ermənistan ordusunu modernləşdirmək niyyətində olduğu rəsmən etiraf edilib. Belə ki, erməni baş nazir “İsgəndər partlamır” dedikdən qısa müddət sonra Rusiyanın Ermənistandakı səfirliyi bunu rəsmi İrəvana xatırlatmışdı. Və bu, rəsmi İrəvanın müəyyən mənada, nankorluqda qınanması anlamına gəlirdi.

7109.jpg (102 KB)

Ancaq istənilən halda, Rusiyanın Ermənistan ordusunu modernləşdirilməsi yolverilməz davranışdır. Çünki, Ermənistan regionda həmin ordudan yalnız Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Əgər, Rusiya da daxil olmaqla, hansısa dövlət Ermənistan ordusunu yenidən qurmaq niyyətinə düşürsə, deməli, Azərbaycanın əleyhinə təhlükəli bir addım atmış olur.

Əlbəttə, Kremlin 30 il ərzində Ermənistana müasir silahlar hədiyyə edərək, bu düşmən ölkəni gücləndirməsinə rəsmi Bakı adətən, siyasi etirazlarla reaksiya verib. Mümkün qədər səbrli davranaraq, hərbi xarakterli addımlar atmayıb. Və bunun həmin dövrün şərtlərinə bağlı önəmli səbəbləri də olmamış deyil.

Ancaq indi situasiya ciddi şəkildə dəyişib. Azərbaycan artıq belə yolverilməz davranışlara sərt hərbi reaksiya verə biləcək imkanlara sahibdir. Yəni, rəsmi Bakı Azərbaycana qarşı təhlükə mənbəyi olan Ermənistan üçün yeni ordunun qurulmasına seyirçi qalmaz.

Digər tərəfdən, Ermənistanın hərbi müttəfiqləri Azərbaycan ilə gələcək münasibətlərini də mütləq nəzərə almağa məcburdur. Hər halda, onların Azərbaycanın milli təhlükəsizlik maraqlarını təhdid edən davranışları rəsmi Bakı ilə qarşılıqlı münasibətlərə təsirsiz ötüşə bilməz. Ən əsası isə Azərbaycanın cavab reaksiyası Cənubi Qafqazda savaşdan sonra yaranmış hərbi-siyasi situasiyanın şərtlərini ciddi şəkildə dəyişə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu