Ermənistanda Kərki müzakirələri başlayıb TƏFƏRRÜAT
Qarabağdakı 44 günlük döyüşlərdən sonra Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir.
Zəngəzur vilayəti istiqamətində aparılan işlərdən sonra Ermənistanın Ararat vilayəti istiqamətində də prosesə başlanılacağı haqda müzakirələr aparılır.
Musavat.com xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb. Daha doğrusu, söhbət Azərbaycanın suveren sərhədlərinə daxil olan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun işğal altındakı Kərki kəndindən gedir. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirliyindən Kərki kəndinin yaxın 5 gün ərzində Azərbaycana qaytarılacağı barədə xəbərləri təkzib ediblər.
Nazirliyin mətbuat katibi Armine Muradyan bu haqda yayılmış məlumatların həqiqəti əks etdirmədiyini iddia edib. Qeyd edək ki, Ermənistanın teleqram-kanallarında detallı şəkildə Kərki kəndinin işğaldan azad ediləcəyi barədə xəbər verilib ki, bu da Ermənistanda geniş rezonansa səbəb olub. Şurnuxu kəndinin geri qaytarılmasından sonra Kərki ilə bağlı aparılan proses erməniləri həyacanlandırıb.
Ermənilərin “Tiqranaşen” adlandıraraq Ararat vilayətinə pərçimlədikləri Kərki kəndinin hazırkı başçısı ilə erməni KİV-nin əlaqə saxlamaq cəhdi baş tutmayıb. Bildirilib ki, o, koronavirusa yoluxub və aparata qoşulduğu üçün müsahibə verə bilmir. Vilayət administrasiyası ilə əlaqə də baş tutmayıb.
Erməni mediası da yazır ki, Azərbaycanın eksklav zonadakı Kərki kəndi 1992-ci ilin mayında gedən döyüşlər nəticəsində Ermənistan ordusunun nəzarətinə keçib. Bildirilir ki, kənddən Ermənistanın cənubunu və şimalını birləşdirən magistral keçir. Hazırda Kərkidə Qarabağ münaqişəsi zamanı Azərbaycandan qaçan ermənilərin yaşadığı bildirilir.
İşğalçı ölkədə iddia edirlər ki, sərhədlərin dəqiqləşdirilməsi məsələsi GPS vasitəsilə deyil, dövlətlərarası komissiyanın yaradılması əsasında həllini tapmalıdır. Ermənistanda çoxluq hələ də anlamaq istəmir ki, söhbət Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərindən gedir və onların taleyi müzakirə predmeti ola bilməz.