08 Sentyabr 2024

Ermənistan müxalifətinin indiki məqamda Paşinyanı devirmək gücü yoxdur-erməni politoloqlar

Ermənistanda 2020-ci ilin sonunda Azərbaycan qarşısında alınan məlubiyyədən sonra baş nazir Nikol Paşinyanın istefaya gedəcəyi ilə bağlı proqnozlar hələ ki özünü doğrultmur. Bunu erməni politoloqların Rusiya və yerli mətbuata verdikləri rəylərdən də görmək mümkündür.

Məsələn politoloq Aleksandr İsgəndəryan “Kavkazski uzel” saytına verdiyi açıqlamada müxalifətin heç bir pozitiv proqram ətrafında birləşmədiyini qeyd edir.
Onun sözlərinə görə, Serj Sərkisyan özündən sonra Nikol Paşinyana hakimiyyətini qoruyub saxlaması üçün əla Konstitusiya və “Seçkilər haqqında qanun” qoyub gedib. Bununla parlamentdə əksər yerlərə sahib olan siyasi qüvvəni hətta seçki yolu ilə devirmək praktiki olaraq mümkün deyil.

Aleksandr İsgəndəryan zəif müxalifətin küçə etirazlarını təşkil etməyə gücü olmadığını da bildirib. Onun fikrincə, bu gün hakim siyasi qüvvə hətta yeni seçki keçirərək özünü daha 5 il təminata almağı belə düşünür.

“Mən Paşinyanın istefaya hazırlaşdığını görmürəm və bunun üçün səbəb də tapmıram. Ermənilər artıq ikinci inqilabı istəmirlər, baş nazirin qatı əleydarları isə kifayət qədər gücə sahib deyil”,-deyə o məsələni izah edib.

Siyasi ekspert Andrias Qukasyanın rəyinə əsasən, Nikol Paşinyan növbədənkənar seçkiləri artıq elan edib və onun təxirə salınması üçün səbəb ola bilməz. Müxalifətdəki “Konstruktiv” partiyanın lideri sayılan A.Qukasyan əks təqdirdə N.Paşinyanı da Serj Sərkisyanın taleyi gözləyəcəyini söyləyib.

“Lragir.am” saytının icmalçısı Naira Ayrumyan isə Yeni ildən sonra siyasi gərginliyin azaldığını düşünür. Onun fikrincə, bu ilin yanvar ayının 11-də Moskvada müxalifətin vəd etdiyi “rüsvayçı saziş” imzalanmayıb. İkincisi artıq Moskva da Nikol Paşinyanın Ermənistanda ən razılığa gəlinə bilinəcək və yola gedəcək siyasətçi kimi qəbul edir.