Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb – Politoloqdan AÇIQLAMA
“Daşnaklar xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədin açılmasının mümkünlüyündən bəhs edən açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq, çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlığını davam etdirə bilirlər”.
Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır:
“Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk” dünyası var, 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırım” qətnamələri Emənistanın qonşusu Türkiyə və türk dünyası ilə problemlərini dərinləşdirdi.
Beləliklə, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb. Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb.
İrəvan ikinci reallığı da sakitcə qəbul edib. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır.
Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə – “ağıl oyunlarında” da üstün olacağıq”.