22 Dekabr 2024

Ermənistan Azərbaycanın savaş taktikası ilə müharibəyə hazırlaşır: Rəsmi Bakı növbəti dəfə sərt xəbərdarlıq etdi

Ermənilər Azərbaycanın savaş taktikasını və hərbi konsepsiyasını öyrənmək niyyətinə düşüblər; Ancaq bu savaş modelinin NATO-da hazırlanaraq, Azərbaycana ötürülməsi barədə əsassız iddialar ilə özlərinə təskinlik verməyi də unutmurlar…

Sülh istəyirsənsə, savaşa həmişə hazır olmaq lazımdır. Bu, tarixin bütün dönəmlərində artıq sınaqdan çıxmış və özünü doğrultmuş reallıqdır. Və müasir dünya şərtlərində də aktualdır.

Azərbaycan da son illərdə məhz bu reallığa ayaq uydurmağa üstünlük verir. Belə ki, Birinci Qarabağ savaşında Rusiyanın Ermənistana açıq dəstəyi ucbatından məğlubiyyət qaçılmaz oldu. Ardınca uzun illər dünyanın olmayan ədalətinə dayanaraq, sülh danışıqları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə cəhd göstərildi.

Ancaq Ermənistan işğal etdiyi əraziləri geri qaytarmadı. Əksinə, “yeni müharibə, yeni ərazilər” şüarı ilə savaş təhdidlərini artırdı. Və nəticədə yeni savaş qaçılmaz oldu.

Yeni savaşın – 44 günlük müharibənin nəticələri sübut etdi ki, Azərbaycan sülh danışıqları dövrünü heç də dünyanın olmayan ədalətinə ümid bəsləməklə keçirməyibmiş. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının açdığı geniş imkanlar gələcək savaşa hazırlıq prosesinə yönəldilibmiş.

Məsələ ondadır ki, cəmisi 44 günlük savaş Azərbaycanın mükəmməl təlim keçmiş, güclü və müasir ordu qurmağa nail olduğunu göstərdi. Azərbaycan ordusunun müasir hərbi-texniki təchizatına isə hazırda bəzi nəhəng dövlətlər belə, həsəd aparırlar. 44 günlük savaşda tətbiq olunan və dünya hərb tarixinə tanış olmayan yeni müharibə modelini öyrənməyə çalışırlar.

930254273d1efe19646eb84e321ec334.jpg (132 KB)

Əslində, Azərbaycan ordusunun yeni savaş modeli bir çox nəhəng dövləti əməlli-başlı xərcə salmağa başlayıb. Belə ki, həmin dövlətlər bundan sonra onlara tanış olan savaş taktika və strategiyalarının işə yaramayacağına artıq əmindirlər. Ona görə də, Azərbaycanın döyüş təcrübəsini öyrənməklə yanaşı, öz ordularını yenidən qurmağa çalışırlar. Hərbi-texniki təchizat sahəsində ciddi islahatlar aparırlar. Ənənəvi hərbi texnika nümunələrini əhəmiyyətdən salmış ən müasir silahların əldə olunmasına can atırlar.

Əlbəttə ki, bu, külli miqdarda əlavə xərc deməkdir. Çünki, müasir savaş modelində, məsələn, tank və təyyarələrin, hətta bəzi raket sistemlərinin işə yaramayacağı artıq sübut olunub. İndi bu bahalı hərbi texnika növlərinin müasir pilotsuz uçuş aparatları (PUA) ilə əvəzlənməsi qaçılmazdır. Üstəlik, PUA-lar ilə düşmənə hücum, eləcə də, onlardan qorunmaq taktikaları da hazırlamaq lazım gələcək.

Göründüyü kimi, Azərbaycan cəmisi 44 günlük savaş sayəsində dünya hərb tarixini dəyişdirib, üstəlik, bir çox inkişaf etmiş dövləti yeni vəzifələr üzərində düşünmək məcburiyyətində buraxıb. Bu baxımdan, Azərbaycanı dünyanın yeni hərb tarixinin müəllifi də hesab etmək olar.

Belə bir reallığın olduğu bir situasiyada Ermənistanda hələ də Azərbaycana qarşı hərbi revanşın mümkün ola biləcəyinə ümid bəsləyənlər var. Halbuki, darmadağın edilmiş Ermənistan ordusunun döyüş qabiliyyəti elə erməni hərbi ekspertlərində belə, ciddi şübhələr yaradır. Və növbəti savaş barədə düşünmək üçün hələ uzun illər hazırlıq mərhələsinin keçilməsinin vacibliyi qarşısında aciz qaldıqlarını da gizlədə bilmirlər.

Məsələn, erməni hərbi ekspert Van Ambartsumyan hesab edir ki, 44 günlük savaşda Azərbaycan uzun müddət ərzində hazırladığı təmassız müharibə konsepsiyasını reallaşdırıb: “Erməni generaliteti isə hələ də ötən əsrin 90-cı illərində qaldığından, yeni reallıqlara hazır deyildi. Bu, Birinci Qarabağ müharibəsinin sindromudur. Onlara elə gəlirdi ki, döyüş meydanında əvvəlki taktika olacaq, lakin bu, fəlakətli səhv oldu”.

20003d00cb8be72a1abc84fc403d1435.jpg (92 KB)

Erməni hərbi eksperti haqlı hesab etmək olar. Çünki, erməni generaliteti həqiqətən də savaşın gedişində dönüş yarada biləcək hər hansı hərbi taktika tapa bilmədi.

Ancaq bu, yalnız erməni generalitetinin ötən əsrin 90-cı illərində ilişib, qalması ilə bağlı deyildi. Çünki, həmin dövrdə də savaşın taleyini erməni generalitetinin hərbi taktikaları həll etməmişdi. Yəni Birinci Qarabağ savaşının nəticələrinə görə Ermənistan öz generalitetinə deyil, Rusiya ordusunun müdaxiləsinə borcludur. Əks halda, həmin savaşı da Azərbaycan qalib bitirəcəkdi.

Maraqlıdır ki, Ermənistan müharibədə məğlub olmasına hələ də inana bilmir. Hələ də bu reallığı Ermənistan ordusunun yararsızlığı və Azərbaycan ordusunun yüksək döyüş qabiliyyəti ilə deyil, məhz kənar faktorların təsiri ilə izah etməyə çalışırlar. Çünki, öz təcrübələrində belə bir sərbəst qələbə mövcud deyil. Vaxtilə Rusiya ordusu hesabına qazandıqları müvəqqəti hərbi üstünlüyü unutmadıqları üçün Azərbaycanın da kimsənin yardımı olmadan qalib gələ biləcəyinə inanmaq istəmirlər.

Elə erməni hərbi ekspert Van Ambartsumyan da bunu xarici faktorlara bağlamağa çalışır: “Qarabağda baş verən müharibənin konsepsiyası NATO-da işlənərək, hazırlanıb. Bu döyüşlərin təhlili müdafiə strategiyamızın əsasını təşkil etməlidir. Təmassız müharibənin nə olduğunu başa düşməliyik, sonra isə bütün lazımi vəsaitləri əldə edib, addım-addım hazırlaşmalıyıq”.

azer-turk.jpg (289 KB)

Ermənilər savaşda Ermənistan ordusunun darmadağın edildiyi ilk günlərdə bu məğlubiyyəti Türkiyənin dəstəyi ilə izah etməyə çalışırdılar. Halbuki, Türkiyə Azərbaycana yalnız siyasi dəstək verirdi, bunu da qətiyyən gizlətmirdi.

İndi isə deyəsən, ermənilərin milli-mənəvi natamamlıq kompleksindən xilas olması üçün bu bəhanə də işə yaramır. Artıq öz məğlubiyyətlərinin səbəbini NATO-da axtarmağa başlayıblar. Halbuki, bu sərsəm iddianı ermənilərin özlərindən başqa heç kimcə ciddiyə almaz.

Birincisi, Azərbaycan NATO-nun üzvü deyil. Belə olan təqdirdə, bu hərbi-siyasi alyans öz üzvü olmayan bir ölkə üçün hansı səbəbdən savaş konsepsiyası hazırlaya bilərdi?

Digər tərəfdən, NATO ümumiyyətlə, hər hansı bir ölkə üçün savaş konsepsiyası hazırlayan qurum deyil. Əlbəttə ki, bu hərbi-siyasi alyans müxtəlif savaş taktikaları və konsepsiyaları hazırlayır. Ancaq bütün bunların hamısı NATO-nun öz istifadəsi üçün nəzərdə tutulur.

nato-1423553266_74810.jpg (126 KB)

Ancaq erməni ekspert NATO-nun savaş konsepsiyasının bu quruma üzv olan Türkiyə vasitəsilə Azərbaycanın əlinə keçdiyinə eyham vurmağa çalışırsa, buna da onun özündən başqa kimsə inanmaz. Çünki, NATO-da hazırlanan hərbi taktika və konsepsiyalar yalnız bu qurumun istifadəsi üçün olduğundan hər hansı üzv dövlət onları kənara çıxara bilməz. Belə bir davranış NATO təlimatlarına zidd olmaqla yanaşı, həm də hərbi sirrin açılması xarakteri daşıdığından sərt cəzalara da yol aça bilər.

Əslində, Azərbaycanın dünya hərb tarixində yeni səhifə açan savaş taktikası NATO-nun özü üçün də “hərbi sürpriz”dir. Və bu qurumun rəhbərləri bu yeni savaş modelinin dərindən öyrənilməsinin vacibliyini artıq dəfələrlə bəyan ediblər.

Elə erməni hərbi ekspert də Azərbaycan ordusuna məxsus təmassız savaş taktikasının öyrənilməsinin vacibliyinə eyham vurur. Ancaq bu savaş modelinin Azərbaycana aid olduğunu etiraf etməyə isə özündə güc tapmır. Yeni və təmassız savaş taktikasını NATO-nun adına bağlamaqla, istifadə edilməsinin vacibliyini vurğulayır. Lazım olan vasitələrin əldə edilməsini və addım-addım yeni savaşa hazırlaşmağı məsləhət görür.

Belə anlaşılır ki, ermənilər revanş niyyətlərindən imtina etməyiblər və yeni savaşa hazırlaşmaq düşüncəsinə sahibdirlər. Üstəlik, Azərbaycan ordusunun döyüş təcrübəsini öyrənməklə, Azərbaycana qalib gələ biləcəklərinə ümid bəsləyirlər.

200070000445_363282.jpg (135 KB)

Təbii ki, rəsmi Bakı Ermənistanda cərəyan edən bütün prosesləri diqqətlə izləyir. Və bu düşmən ölkəyə revanş imkanı veriləcəyi qətiyyən inandırıcı görünmür.

Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında da bu məsələyə aydınlıq gətirilib. Belə ki, Prezident İlham Əliyev Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırmağa çalışdıqlarına diqqət çəkib: “Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik. Biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.

Göründüyü kimi, rəsmi Bakı hər bir prosesin fərqindədir. Erməni xislətinə yaxşı bələd olduğu üçün öz tarixi qələbəsi ilə qətiyyən arxayınlaşmaq niyyətində deyil.

Əksinə, rəsmi Bakı Ermənistanın bütün təxribatçı davranışlarını dəf etməyə hazır olduğunu gizlətmir. Üstəlik, erməni faşizminin bir daha baş qaldırmasına imkan verməyəcəyi barədə də sərt xəbərdarlıq edir. Və rəsmi İrəvan anlamalıdır ki, hazırda Azərbaycanın sərt xəbərdarlıq mesajlarına uyğun davranmaq Ermənistan üçün ən doğru yoldur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu