19 Aprel 2024

Ermənilərin savaş təhdidi, təxribatları “fəlakət ssenarisi”dir: Can atdıqları yeni müharibə isə Ermənistan ərazisində olacaq

Azərbaycan dövlətinin siyasi iradəsi və qətiyyətli addımları sayəsində həm təxribat törədən erməni terrorçuları zərərsizləşdirildi, həm də “xəritə qalmaqalı” həllini tapdı…

44 günlük savaş ərzində Rusiyanı Azərbaycan ilə hərbi münaqişəyə cəlb etməyə can atan erməni siyasi dairələri, indi də Rusiya sülhməramlılarını Azərbaycan ordusu ilə qarşıdurmaya sövq etməyə cəhd edirlər…

“Keçmişin havası”ndan uzaqlaşa bilməyən bəzi erməni siyasi qüvvələri regionda yeni dağıdıcı savaşa nail olacaqları təqdirdə, Ermənistanın biabırçı məğlubiyyətini “kompensasiya” edə biləcəklərinə ümid bəsləyirlər…

Savaş artıq sona çatsa da, işğaldan azad olunmuş ərazilərdə müəyyən problemlər hələ mövcuddur. Xüsusilə də, həmin ərazilərdə Ermənistan ordusunun yerləşdirdiyi piyadalar əleyhinə minalar təhlükə mənbəyi olaraq, qalmaqdadır. Və hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində intensiv fəaliyyət davam edir.

Ancaq daha bir problem də narahatlıq doğurur. Belə ki, həmin ərazilərdə erməni silahlılarının mövcudluğu da artıq təsdiqlənib. Bu başıpozuq silahlı erməni dəstələri Azərbaycan ordusunun hərbi əməliyyatlarından qaçıb, gizlənən fərrarilər də ola bilər. Hər halda, bəzi erməni generalları 44 günlük savaşın bitməsindən sonra verdikləri açıqlamalarda müharibənin ilk həftəsində on minə yaxın fərrarinin olduğunu artıq dəfələrlə etiraf ediblər.

İndi həmin fərrarilər ara-sıra müxtəlif yerlərdə peyda olaraq, Azərbaycan əsgərlərinə hücum etməyə çalışırlar. O da ola bilər ki, Ermənistan ordusunun silahlı tör-töküntüləri ilə artıq müəyyən əlaqələr qurulub. Və onlardan işğaldan azad olunmuş ərazilərdə vəziyyətin gərginləşdirilməsi üçün istifadə edə biləcəklərini düşünməyə başlayıblar.

Əslində, bu ehtimal qətiyyən əsassız deyil. Belə ki, Ermənistanda ölkədaxili siyasi böhran idarəedilməz həddə çatıb. İndi Ermənistan qəbilə dövlətinə çevrilməyə başlayıb. Və bu qəbilə dövlətində sağ əlin etdiyindən sol əlin xəbəri yoxdur.

Bu baxımdan, Ermənistanda bəzi siyasi qüvvələrin atəşkəs anlaşmasının pozulmasında maraqlı ola biləcəkləri qətiyyən istisna deyil. Xüsusilə də, Vazgen Manukyanın hakimiyyətə gətirilməsinə can atan siyasi koalisiya son vaxtlar kifayət qədər aqressiv mövqedən çıxış edir. Savaşın bilmədiyindən, yeni müharibənin qaçılmazlığından dəm vururlar. Bu siyasi qüvvələr hətta üç ölkə başçısının imzaladığı 10 noyabr sənədini belə, tanımadıqlarını qabartmağa çalışırlar.

Bütün bunların paralelində işğaldan azad edilmiş ərazilərdə müxtəlif təxribatlara cəhdlərin göstərilə biləcəyi qətiyyən istisna deyil. Belə silahlı təxribatlar isə Azərbaycan ordusu yeni hərbi əməliyyatlara sövq edə bilər.

Ancaq bu dəfə hərbi əməliyyatların statusunun fəqrli olacağı qətiyyən şübhə doğurmur. Çünki Azərbaycan ərazisində artıq Ermənistan ordusu yoxdur. Ermənistan ordusu darmadağın edilib. Məğlub edilib, qalıqları isə Ermənistan ərazisinə çəkilməyə məcbur olunub.

Ona görə də, bundan sonra Azərbaycan ərazisində əlində silah olan hər bir erməninin kimliyi də fərqli olacaq. Meşələrdə gizlənmiş silahlı tör-töküntülər qeyri-qanuni silahlı dəstələr sayılacaq. Onlar sadəcə, terrorçu hesab ediləcəklər. Beynəlxalq terrorizmin təmsilçilərinə çevrilmiş olacaqlar.

Beynəlxalq terrorizmə qarşı mübarizənin hədəflərisə, hər kəsə məlumdur. Belə ki, terrorçular dünyanın harasında olmalarından asılı olmayaraq, məhv edilməlidirlər. Heç bir normal ölkə öz ərazisində terrorçuların olmasına yol verməz. Və Azərbaycan da buna səbr göstərməz, dərhal antiterror əməliyyatlarına başlayar.

Əslində, Azərbaycan dövləti bu məsələdə sərt və qətiyyətli olacağını bir neçə gün öncə birmənalı şəkildə təsdiqlədi. Belə ki, erməni silahlı terrorçular işğaldan azad olunmuş ərazilərdə təxribatlar törətdilər. Cavabında Azərbaycan ordusu antiterror əməliyyatları ilə erməni terrorçuları zərərsizləşdirdi.

Onu da qeyd edək ki, erməni terrorçuların törətdikləri təxribatların əsas hədəflərindən biri də Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan ordusu arasında ziddiyyətlərin yaradılması da ola bilər. Çünki həmin təxribatlardan sonra hər halda, müəyyən narazılığa yol açan insident müşahidə edildi.

Məsələ ondadır ki, dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilmişdi. Buna əsas kimisə, Azərbaycan ordusu ilə erməni terrorçular arasında silahlı toqquşmalar göstərilmişdi. Atəşkəsə nail olmaq üçün Rusiya sülhməramlı qüvvələrinin toqquşmaların baş verdiyi ərazinin nəzarətə götürdüyü iddia olunmuşdu.

Təbii ki, bütün bunlar haqlı olaraq, Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu. Çünki Rusiya sülhməramlı qüvvələrinin belə bir səlahiyyəti yox idi.

Məsələ ondadır ki, həmin mübahisəli xəritədə Rusiya sülhməramlılarının nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan ordusunun nəzarətindədir və buna görə də həmin xəritə həqiqəti əks etdirmirdi. Və bu səbəbdən də həmin xəritənin rəsmi şəkildə dövriyyəyə buraxılması yolverilməz xarakter daşıyırdı.

Onu da qeyd edək ki, antiterror əməliyyatları zamanı Azərbaycan tərəfi humanizm nümayiş etdirərək, o ərazilərdə “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin – terrorçuların ölkə ərazisindən çıxması üçün şərait yaratmışdı. Lakin erməni silahlıları bunun əksinə olaraq, həmin bölgədə möhkəmləyə cəhd göstərmişdilər.

Eyni zamanda, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etmişdilər, nəticədə ölən və yaralananlar olmuşdu.

Təbii ki, rəsmi Bakı bunun qarşılığında dərhal qətiyyətli addımlar atdı. Əvvəlcə Azərbaycan tərəfi dərhal Rusiya sülhməramlıları ilə əlaqə yaratdı, məsələnin ciddiliyini onların diqqətinə çatdırdı. Məhz bundan sonra antiterror əməliyyatı keçirərək, həmin əraziləri terrorçulardan tamamilə təmizlədi.

Rəsmi Bakı eyni zamanda xəritə qalmaqalına da dərhal adekvat reaksiya verdi. Belə ki, belə xəritələrin dövriyyəyə buraxılmasının yolverilməz olduğu Rusiya sülhməramlı qüvvələri rəhbərliyinin diqqətinə çatdırıldı və problemin qısa müddətdə həllinə nail oldu.

Bununla da Azərbaycan dövləti qətiyyət və siyasi iradə nümayiş etdirərək, bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək, ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək. Çünki bunun tərsi 10 noyabr anlaşmasının icrasını təhlükə altına sala bilər.

Təbii ki, müsbət nəticə də artıq mövcuddur. Belə ki, artıq dekabrın 14-də Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə “yanlışlıq” aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib.

Gələcəkdə belə insidentlərin və qalmaqalların olmaması vacibdir. Çünki Ermənistanda keçmişin havasından uzaqlaşa bilməyən, hətta bunu istəməyən qüvvələr kifayət qədərdir.

Həmin qüvvələr öz siyasi maraqları üçün vəziyyətin gərginləşməsinə can atırlar. Bu qüvvələrin əsas hədəfləri sırasında Azərbaycan ordusu ilə Rusiya sülhməramlıları arasında qarşıdurmanın yaradılması niyyətlərinin ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, erməni terrorçuların son təxribatlarında belə bir niyyətin mövcud olduğu diqqətdən yayınmadı.

Bütün bu “qara niyyətlər”in qarşısını yalnız qətiyyətli addımlar ilə almaq mümkündür. Böyük ehtimalla ermənilər müxtəlif təxribatların törədilməsindən hələ uzun müddət imtina etməyəcəklər.

Xatırlayırsınızsa, 44 günlük savaş ərzində Ermənistan bütün vasitələrlə Rusiyanı Azərbaycan ilə hərbi münaqişəyə cəlb etməyə cəhd göstərirdi. İndisə, belə anlaşılır ki, əsas hədəfləri Rusiya sülhməramlı qüvvələri Azərbaycan ordusu arasında qarşıdurmanın yaradılmasına nail olmaqdır.

Eyni zamanda, buna nail olacaqları təqdirdə, biabırçı məğlubiyyətlərini kompensasiya edə biləcəklərini düşünürlər. Ona görə də, yeni savaş iddialarını davam etdirməyə çalışırlar. Regionda daha dağıdıcı savaşın törədilməsi ssenarilərinin reallığa çevrilməsinə can atırlar.

Ancaq anlamırlar ki, yeni savaş olacağı təqdirdə, müharibənin Ermənistan ərazisində baş verməsi isə qaçılmaz variantdır. Ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Paradında Zəngəzur, Göyçə və İrəvan mahalının tarixi Azərbaycan əraziləri olduğunu vurğulamasını heç vaxt unutmamalıdırlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu