22 Dekabr 2024

Ermənilərin 27 ilə tikdiyi, ordumuzun 24 günə dağıtdığı postlar – Real görüntülər

Vətən müharibəsində ən çətin döyüşlərin getdiyi, ermənilərin ən çox müqavimət göstərdiyi istiqamətlərdən biri də Füzulinin Aşağı Seyidəhmədli kəndi idi.

Birinci Qarabağ savaşında da Aşağı Seyidəhmədli istiqamətində ağır döyüşlər getmiş, kənd əldən-ələ keçmişdi və xeyli sayda döyüşçümüz şəhid olmuşdu.

Sentyabrın 27-də başlayan müharibədə ordumuzun ilk hücuma keçdiyi mövqelərdən biri Aşağı Seyidəhmədli oldu. Çünki bu kənd cəbhə bölgəsində Füzulinin bizdə olan Şükürbəyli və Alıxanlı kəndləri ilə üzbəüz idi. Düşmən də bu kəndin strateji əhəmiyyətini bilirdi və burada 27 ildə böyük istehkamlar, başqa sözlə, qala qurmuşdu. Elə ona görə də ilk baxışdan yarım saatın içində götürüləcəyi ehtimal olunan kəndin tam azad edilməsi 24 gün çəkdi.

Müharibə ərəfəsində “ermənilər yeraltı tunellərlə hərəkət edirlər”, “Beton piltələrdən düzəldilən keçilməz istehkamlar var” kimi fikirlər də məhz bu kəndlə bağlı tez-tez səsləndirilirdi.

Ermənilər əvvəl-axır ordumuzun birinci buradan hücuma keçəcəyini bildikləri üçün bütün hiyləgərliklərə burada əl atmışdı. Post içində post, səngər arxasında səngər, tunellər, müşahidə kameraları, snayper mövqeləri, bütün cəbhə boyu minalanmış sahələr…

İlk günlərdə bu istiqamətdə ciddi döyüşlər olsa da, sonradan ordumuzun planı dəyişdi. Aşağı Seyidəhmədlidə vaxt itirməkdənsə düşmənin möhkəmləndiyi bu kəndi mühasirəyə almaq, strateji yüksəklikləri nəzarətə götürmək planı icra edildi. Onsuz da kənddə tikili adına bir şey qalmamışdı, oranı tutmaq heç bir üstünlük vəd etmirdi.

Ordumuz Cəbrayıl istiqamətindən irəliləyərək Aşağı Seyidəhmədli kəndinin arxasında olan kəndləri, vaxtilə Füzuli şəhərinin yerlşdiyi yerləri işğaldan azad etdi. Düşmənin Aşağı Seyidəhmədliyə gedən təminatının qarşısını aldı və düşmən ön, arxa və sol tərəfdən mühasirəyə alındı. Qaça bilən qaçdı, qalanları isə məhv edildi.

Müharibə ərəfəsində Aşağı Seyidəhmədlidən çox danışırdıq. Buranın əhəmiyyətini oxuculara çox izah edirdik. “Necə olur ki, Aşağı Seyidəhmədli yox, arxasında olan kəndlər işğaldan azad edilir” sualları çox verilirdi. Çünki müharibənin başlamasının bir ayı tamam olacaqdı, amma Aşağı Seyidəhmədli işğaldan azad edilməmişdi. Tam 24 gün sonra Aşağı Seydidəhmədlinin azad edilməsi xəbərini aldıq.

Nəhayət ki, müharibədə haqqında çox danışdığımız Aşağı Seyidəhmədliyə müharibədən sonra səfər edə bildik. Müharibənin izlərini və kənd haqqında əvvəlcədən yazdıqlarımızın canlı şahidi olduq.

Kələ-kötür yollarla Şükürbəyli kəndindən üzü Aşağı Seyidəhmədliyə yollandıq. Yolboyu ərazilər minalardan təmizlənirdi. Bu kəndin hər qarışı döyüş meydanı olub. Hər daşında, hər qarışında bu izləri görürük.

Yalnız avtomobil yolu ilə irəliləyərək Aşağı Seyidəhmədliyə çatırıq. Son olaraq ermənilərin bir zamanlar arxasında sığınacaq qurduğu torpaq səddi keçirik. Ordumuz bu yolu gediş üçün açıb. Bu torpaq səddin arxasına keçəndə yol iki hissəyə ayrılır. Bir yol düz kəndin mərkəzinə, digəri isə kəndin ərazisində cəbhəyə boyu uzanan səngərlərin arxasına aparır.

Səngərlərdə, hərəkət etdiyimiz yollarda müharibənin izləri var. Erməni əsgərlərin döyüş sursatları, geyimləri, ərzaqları…

Həm də öz əsgərlərimizin Aşağı Seyidəhmədliyə daxil olduqdan sonra burada mövqe qurmasının, döyüşməsinin izlərini görürük.

Bu izlər bizə əsgərimizin necə əziyyətli döyüş yolu keçdiyini, necə pusquları, necə hədəfləri məhv edərək irəlilədiyini açıq şəkildə izah edir.

Kəndə yaxınlaşdıqca uzaqdan su çəninə bənzətdiyimiz “qüllə” görürük. Bələdçimiz deyir ki, bu, su çəni deyil. Ermənilərin içində snayper yerləşdiyi, müşahidə apardığı yerdir. Içərisi təkərlərlə əhatə olunub.

Bir az irəlidə hündür bir dirək gözümüzə sataşır. Həmin dirəyin üstündə isə kamera olub və postda quraşdırılan monitorla əraziyə nəzarət edilirmiş. Bu cür nəzarət kameraları Aşağı Seyidəhmədli kəndi ərazisində bir neçə yerdə quraşdırılıbmış.

Kənd ərazisindəki postların içərisindən birbaşa səngərlərə çıxan bir neçə tunel var. Yol boyu təpələrdə erməni sığınacağı görürük, amma ora aparan yolu ayırd edə bilmirik. Bələdçimiz bizə həmin sığınacaqlara gedən uzun tunelləri göstərir.

Səngərlər və postlar arxasında sonuncu müdafiə xətlərini tikanlı məftillərlə bağlayıblar. Məftillənən ərazilər sıx şəkildə də minalanıb.

Kəndin bütün fərdi yaşayış evləri, yaşıllıqları məhv edilib. Ermənilər bu vəhşiliyi həm də ona görə edib ki, cəbhəboyu əraziləri açıq şəkildə müşahidə edə bilsinlər. Kəndlərdə dağıtdıqları evlərin daşından, taxtasından, kəsdikləri ağaclardan isə postların qurulmasında istifadə ediblər.

Bütün bunlara baxmayaraq, artıq Aşağı Seyidəhmədli azaddır. Düzdür, bu kəndin minalardan təmizlənməsi, abadlaşması uzun zaman çəkə bilər. Amma indi bu kəndin bizim üçün başqa bir böyük əhəmiyyəti də var.

Qəhrəman döyüşçülərimizin can alıb, can vediyi bu kəndin ərazisindən Şuşaya çəkilən yeni yol keçəcək. Artıq Füzulidən Şuşaya aparan yolun bu kəndin ərazisindən keçəcək hissəsində də işlər görülür.

Allah bu kəndi, eləcə də Qarabağı düşmən işğalından azad edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin.

“Yeni Müsavat” qəzetinin reportyor qrupu