23 Dekabr 2024

Ermənilər Xankəndində “ordu” yığır-Rusiya mediası

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Qarabağdakı müharibədən sonrakı vəziyyətlə bağlı məqalə dərc edib.

Bildirilir ki, Xankəndində iki həftədir orduya çağırış başlayıb, amma bunun məqsədini hazırkı şəraitdə anlamaq asan deyil. “Kommersant”ın Xankəndindəki mənbələrinə görə, “orduya” çağırış qarışıq sistemlə aparılır. “Çağırışçılardan əlavə olaraq müqaviləli əsgərlər də orduya aktiv şəkildə cəlb edilir”.

“Artsax müdafiə ordusu” adlandırdıqları silahlı qüvvələrə çağırışın gedişi ilə bağlı heç bir məlumat verilmir. Əvvəl hərbiyə çağırış 18 yaşdan yuxarı kişilər üçün iki il müddətinə məcburi idi. Silahlı qüvvələrin əsas hissəsi çağırışçılar idi, müqaviləli əsgərlərin sayı çox az idi. Eyni zamanda, erməni qoşunları Azərbaycan qoşunları ilə təmas xəttində açıq şəkildə yerləşdirildi. Ermənistan çağırışçıları püşkatma yolu ilə Qarabağda xidmət etmək üçün yollayırdı. 2020-ci il müharibəsindən sonra Ermənistan öz çağırışçılarını Qarabağa göndərilməyəcəyini bildirib. Lakin “dqr” rəhbərliyi bu məlumatları şərh etməyə tələsmir”.

xan.jpg (190 KB)

Qeyd olunur ki, bölgənin taleyini dəyişdirən müharibədən sonra Azərbaycan vaxtilə işğal olunmuş böyük ərazilərdə nəzarətini bərpa edib.

Xankəndindəki “yetkililər” həm “ordu”nun, həm “xarici işlər nazirliyi” də daxil olmaqla bəzi qondarma “strukturların” tamamilə ləğv ediləcəyi barədə iddiaların doğru olmadığını deyirlər. “Dqr”in “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan isə “ordunu daha peşəkar vəziyyətə gətirərək gücləndirəcəklərini” iddia edir. “Xarici işlər nazirliyinin” rəhbəri David Babayan isə “Qolos Armeniya”ya müsahibəsində “itirilmiş ərazilərin qaytarılması” xülyasından danışıb: ““Artsax” ərazilərinin işğaldan çıxarılması xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Amma bunun nə vaxt və necə baş verəcəyini bilmirəm”.

Araik Arutyunyanın qanunsuz rejiminin “mətbuat katibi” Lusine Avanesyan “Kommersant” a açıqlamasında “ordudakı islahatlar”dan danışıb. “Dəyişikliklərdən sonra əvvəlki kimi, Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə birlikdə Artsaxın təhlükəsizliyini təmin edəcək öz silahlı qüvvələrinə sahib olacağıq ” deyib. “Kommersant” ın Xankəndindəki mənbələrinin dediklərindən isə belə məlum olub ki, müharibə nəticəsində darmadağın olmuş erməni ordusunun “sonrakı taleyi barədə qərar yoxdur, ümumilikdə təhlükəsizliyi rus sülhməramlıları təmin edir”.

Erməni hərbi ekspert Karen Vrtanesyan da deyib ki, ordu yaratmaq mümkün deyil: “Müxtəlif adlar və vəzifələr qorunub saxlanıla bilər, amma ordu adında heç nə olmayacaq. Ən yaxşı halda daxili və ya sərhəd qoşunları kimi bir struktur ola bilər” deyə, bildirib.

İrəvan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan “Qarabağ indi əhali baxımından Cənubi Osetiyadan da kiçikdir”deyib.

Rusiya sülhməramlıları “orduya” çağırışla bağlı münasibət bildirməyiblər.Azərbaycan Xarici İşlər Nazirliyi “Kommersant” ın “orduya” çağırış və Rusiya sülhməramlılarının bu məsələdə hərəkətsizliyi ilə bağlı sualı cavablandırmayıb.

Orxan ƏLİYEV,
Musavat.com