Ermənilər Azərbaycanın şərtlərini qəbul etdilər -sabah Kəlbəcərə gəlirlər…
Azərbaycan tərəfi Xudavəngə gəlmək istəyən bir qrup erməninin monastır kompleksinin ərazisinə daxil olmasını qadağan edib. Erməni mənbələri bildiriblər ki, Azərbaycan tərəfi ziyarətə gəlmək istəyən zəvvarların adlarının təqdim edilməsini istəyib. Erməni kilsəsinin yepiskopu Vartanes Abramyan deyib ki, əvvəllər Azərbaycan tərəfi Xudavəngə gələcək zəvvarların yalnız sayı barədə məlumat tələb edirdi və bu say 30 nəfərdən çox olmamalı idi. İndi isə Azərbaycan Kəlbəcərə gələcək hər bir zəvvarın dəqiq siyahısının əvvəlcədən təqdim olunmasını tələb edib. Erməni tərəfi də bu qanuni şərti qəbul edib.
Kilsə nümayəndəsi deyib ki, fevralın 14-də sülhməramlılarla birlikdə zəvvarların siyahısını Azərbaycan tərəfinə təqdim edəcəklər və monastr ərazisinə keçməkdə problem yaşanmayacaq.
Yada salaq ki, Kəlbəcərin Vəng kəndi ərazisində yerləşən Xudavəng tarix-memarlıq abidəsi Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Xudavəng Azərbaycan ərazisindəki ən böyük monastır kompleksidir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan 10-dan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur.Ermənilər 2004-cü ildən etibarən bu məbəddə saxtalaşdırma işlərinə başlayıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalistin isə Xankəndinə getmək istəkləri baş tutmamışdı. Belə ki, onlar Ermənistanda rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında isə sülhməramlılar onları saxlayıblar. Jurnalistlər akkreditasiyalarını göstərib, Xankəndiyə getmək istədiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, “əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin” deyərək, Laçından geri qaytarıblar. 10 noyabr sənədində tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.
Fevralın 12-də isə Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək.
Beləliklə, göründüyü kimi, Azərbaycanın bütün müstəvilərdə Ermənistana göstərdiyi təzyiq və edilən sərt xəbərdarlıq, İrəvan üçün qorxu yaradan “dəmir yumruq” təhlükəsi erməni hökumətinin ağlını başına gətirib.
Orxan Əliyev,
Musavat.com