23 Dekabr 2024

Erməni yepiskop Avropanı Azərbaycan və Türkiyə dəstək verməkdə suçladı FOTO

Yepiskop Serovpe Isakhanyan Almaniyada fəaliyyət göstərən erməni yeparxiyasını təmsil edir. Gündəlik “Die Welt” qəzeti Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı ondan müsahibə götürüb. Erməni yepiskop daşnak təfəkküründən qaynaqlanan fikirlər səsləndirib. Qərb ölkələrini Azərbaycana və Türkiyəyə dəstək verməkdə suçlayıb. Yəni, orta statistik erməni millətçisi nə söyləyə bilərsə, onları dilə gətirib. Hətta Almaniyada da ermənilərin təqib olunduğunu bildirib. Müsahibənin bir yerində jurnalist deyir ki, Beynəlxalq Hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Buna cavab olaraq yepiskop belə söyləyir: “Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, lakin Qarabağ mübahisəsiz olaraq erməni tarixi ilə sıx bağlıdır və Sovet dövründən əvvəl heç vaxt Azərbaycanın tərkibində olmayıb”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı? Təbii ki, tanımır. Tanısaydı öz qonşusuna qarşı müharibəyə baş vurmazdı. Zatən, Ermənistanla Azərbaycan arasında ən köklü problem bu məsələyə bağlıdır. Bölgəyə sülh və inkişafın gəlməsi üçün Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Nə qədər ki, Ermənistan dövlət səviyyəsində bunu etməyib ortada olan gərginliyin aradan qalxacağı inandırıcı görünmür.

Təbii ki, alman auditoriyası Sovet dövründən əvvəlki Qarabağ haqqında məlumatlı deyil. Ən yaxşı halda onların Qarabağ xanlığı haqqında məhdud bilgiləri var. Bu da təbiidir. Heç biz özümüz də dünyanın müxtəlif yerlərində olan bu və ya digər münaqişələrlə bağlı ətraflı bilgilərə sahib deyilik. Bu kimi münaqişələrin sayının çoxluğu da buna imkan vermir.

Söhbət açdığımız məqalənin başlığı da maraqlıdır: “Bergkarabach: „Europa schwieg über Verbrechen Aserbaidschans und Erdogans Türkei“(Dağlıq Qarabağ: “Avropa Azərbaycanın və Ərdoğan Türkiyəsinin cinayətlərinə susdu”)”.

Yepiskop Serovpe Isakhanyanın məntiqinə görə, Azərbaycan 30 il əvvəl itirdiyi torpaqları geri qaytarmaq haqqında düşünməməliydi. Və rəsmi Bakı beynəlxalq səviyyədə tanınan ərazilərində anti-terror əməliyyatı keçirməklə cinayətə yol verib. Bəs, qonşu dövlətin 20 faiz ərazisini işğal etmək necə, cinayət deyilmi? Təbii ki, alman jurnalisti erməni din xadiminə bu kimi suallar vermir.

Yepiskop isə ermənilərin Türkiyəyə ərazi iddiasını əsaslandırmaq üçün Nuh dövrünə gedib çıxır. Alman oxucusunu inandırmağa çalışır ki, müasir Türkiyənin ən azı yarısı ermənilərə məxsus olmalıdır: “Ancaq ermənilərin əlində balaca Ermənistan və ondan da balaca Dağlıq Qarabağ qalıb”.

Erməni din xadimi Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etməyə çalışır. Deyir ki, Sovet dönəmində Dağlıq Qarabağ əhalisinin 90 faizi ermənlərdən ibarət idi.

O da bəllidir ki, ermənilər Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana verilməsini iddia edirlər. Bu kimi iddialara Azərbaycan prezidenti İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrdə bir neçə dəfə aydınlıq gətirib və qeyd edib ki, bolşeviklər Dağlıq Qarabağı Azərbaycana verməyiblər. Onların qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılıb. Yəni, əvvəl də Azərbaycanda idi. Bolşeviklər də öz qərarları ilə Dağlıq Qarabağı elə məxsus olduğu yerdə qalmasına üstünlük veriblər.

Ümumiyyətlə, Dağlıq Qarabağ ermənilərin xətrinə süni şəkildə yaradılmış ərazi vahididir. Bəllidir ki, Qarabağ böyük bir mahalı əhatə edir. Bolşeviklər bir bütöv olan Qarabağı dağ və aran hissəyə böldülər və Qarabağın dağlıq hissəsində ermənilərə muxtar qurum yaratdılar. Qarabağı bütövlükdə götürdükdə isə əhalinin heç 10 faizi belə ermənilərin payına düşmür.

Aserbaidschan Nachrichten | Die Neuesten Nachrichten Auf Aserbaidschan

“Nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır”, İlham Əliyevin verdiyi bu bəyanat da təsadüfi deyil və konkret tarixi qaynaqlara söykənir. Hətta erməni qaynaqları belə bu həqiqəti etiraf edir. Məsələn, Sovet dönəmində çapdan çıxmış erməni ensiklopediyasında Qarabağ xanlığı haqqında birmənalı şəkildə yazılıb. Şuşa və Xankəndi kimi şəhərlərin kimlər tərəfindən və nə vaxt salındığı göstərilib. Yeri gəlmişkən, erməni ensiklopediyasında İrəvan xanlığı və ondan əvvəlki dövr haqqında da geniş bilgilər var. Həmin məlumatlarda Sovet Ermənistanı yaranana qədərki 500 illik tarixində İrəvanın kimlərin nəzarətində olduğu adbaad göstərilib. O sırada bir nəfər də olsun erməni yoxdur.

Təbii ki, yepiskop Serovpe Isakhanyan da bunları yaxşı bilir. Buna baxmayaraq mövzudan bixəbər olan almanları aldatmaq yolu tutub.

Elbəyi Həsənli, Sürix

Bergkarabach: „Europa schwieg über Verbrechen Aserbaidschans und Erdogans Türkei“ – WELT