22 Dekabr 2024

Erməni politoloq: “Əgər kommunikasiyalar açılsa Gürcüstan Qafqazda “dəhliz” rolunu itirəcək

“Bölgədə geopolitik mənada kommmunikasiyalar sahəsində vacib proseslər baş verir. Uzun zamandır Gürcüstan Qafqazda “qapı” rolun oynayıb. Rəsmi Tiflis bunun nəticəsində öz iqtisadi və geosiyasi əhəmiyyətini qoruyub saxlayıb. Azərbaycan-Ermənistan münaqişəsindən ən çox xeyir görən də məhz Gürcüstan olub. İndi isə mənzərə dəyişir və Gürcüstan əvvəlki rolunu itirmək üzrədir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikirlərin müəllifi erməni politoloq Stepan Danielyandır.

Ekspertin fikrincə, əgər Türkiyə və Rusiya Naxçıvan, İcevan və Sünik vasitəsilə bağlantı qursa Gürcüstanın rolu aşağı düşəcək, Gürcüstan limanlarından istifadə isə öz iqtisadi səmərəliliyini itirəcək. Bütün bunlar isə ciddi siyasi və iqtisadi nəticələr doğuracaq.

“Təsadüfü deyil ki, Gürcüstanda artıq Abxaziya dəmir yolunun açılışının mümkünlüyü barədə danışmağa başlayıblar”, – deyə Stepan Danielyan yazıb.

Erməni politoloqun qənaətinə əsasən, Gürcüstanın bu məsələdə çıxış yolu xarici siyasətini dəyişdirməkdir. Əgər Naxçıvandan İrana keçən, bununla da Çin və İran körfəzinə çatan dəmir yolu açılsa o zaman Gürcüstan Abxaziyaya gedən dəmir yolunu açmaqla tranzitdən gəlir götürə və yenidən limanlarının əhəmiyyətini artıra bilər.

Stepan Danielyan bu mənada Gürcüstan-Rusiya yaxınlaşmasını da istisna etmədiyini bildirib.